Vətən müharibəsində şanlı tarix yazaraq şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış vətənpərvər oğulların ailələrinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən daim diqqətdə saxlanılır.

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, Bakı şəhəri və Abşeron yarımadası, həmçinin regionlardan daxil olmuş müraciətlər əsasında şəhid ailələrinin və qazilərin su təminatının yaxşılaşdırılması ilə bağlı zəruri işlər görülüb. Daxili imkanlar hesabına həyata keçirilən layihələr çərçivəsində ümumi uzunluğu 51 km olan su xətləri çəkilib. Son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailənin içməli su təchizatı yaxşılaşdırılıb.  

Şəhid ailələri və qazilər üçün çəkilmiş su xətlərindən yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə də yeni birləşmələr verilərək su sayğacları quraşdırılıb və həmin ərazilərdə yaşayan əhali fasiləsiz içməli su ilə təmin olunub. 

Ötən müddətdə kanalizasiya problemi olan şəhid və qazi ailələrinin yaşadığı fərdi yaşayış evlərinin tullantı su şəbəkələrinə qoşulması üçün də bir sıra tədbirlər həyata keçirilib. Bu məqsədlə ümumi uzunluğu 3 km  olan kanalizasiya xətləri inşa edilib.