Xəzər rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində 6 Noyabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının qərargahında şəhid ailələri və qazilərlə ilə görüş keçirilmişdir.

Unikal.org xəbər verir ki, görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Şəhid ailələri və qazilər, ictimai birliklərin rəhbərləri, rayon ağsaqqalları iştirak etmişdir.

Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qonaqları salamlayaraq  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs etmiş, şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulamışdır.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev  və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun əsgər və zabitlərinin böyük şücaət göstərdiklərini, qələbəmizi təmin edən Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə  bütün Azərbaycan xalqı adından bir daha sonsuz minnətdarlığını bildirmişdir.

Tədbirdə çıxış edən Millət vəkili Rauf Əliyev bildirib  ki, onlar Vətən və dövlət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetiriblər. Bununla belə, Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc verib. 

Daha sonra görüşdə Şəhid Heybətov Ağa Əmi, Məmmədov Nahid və Əliyev Muradın valideynlərinə medallar təqdim edilmişdir.

Sonda Şəhid ailələri və qazilər çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.