Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi və Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə “Dayanıqlı və pozitiv turizm” mövzusunda konfrans keçirilib.

Universitetdən Unikal.org-a  verilən məlumata görə,  Fransanın Paris Nanter Universitetinin dekanı xanım Beatris Bellininin çıxışçı qismində iştirak etdiyi tədbirdə pozitiv menecment yanaşmasının turizm sahəsində tətbiqi imkanları haqqında təqdimat olub. 

Tədbirdə açılış nitqi ilə çıxış edən ATMU-nun rektoru İlham Mədətov iqlim dəyişikliyi və pandemiyanın turizm sənayesi üçün yaratdığı çağırışlara diqqət çəkərək turizm iqtisadiyyatında yaradıcı, intellektual əsasları möhkəm menecment yanaşmalarının tətbiqinin vacibliyini vurğulayıb. Cənab Mədətov pozitiv turizm yanaşmasının sənaye və akademiya arasında məhsuldar əməkdaşlığın qurulmasına töhfə verə biləcəyini qeyd edərək əlavə edib ki, bu istiqamətdə göstərilən səylər mövcud çağırışlara cavab verən səmərəli tərəfdaşlıq formalarının yaradılmasına xidmət edə bilər. 

Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycanın zəngin mədəni, tarixi və təbii irsinin turizmin inkişafı üçün yaratdığı mühüm imkanların olduğunu qeyd edərək bu müxtəlifliyin qorunmasının əhəmiyyətinə diqqəti çəkib. Cənab Qros Qərb ölkələrində kütləvi turizmin inkişaf modeli kimi yaratdığı fəsadlara toxunaraq bildirib ki, yerli destinasiyalarda özünəməxsusluğun qorunub saxlanılması üçün alternativ dayanıqlı inkişaf modellərindən istifadə edilməsi vacibdir.

Xanım Bellini təqdimatında pozitiv menecment ənənəsinin əsas xüsusiyyətlərinə yer ayırıb və pozitiv turizm yanaşmasının aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Yanaşmanın mahiyyətinin turistlərin səyahət etdikləri destinasiyada əldə etdikləri təcrübələri zənginləşdirmək olduğunu bildirən xanım Bellini qeyd edib ki, ətraf mühit və sosial dəyər amillərinin turizm məhsuluna inteqrasiyası xidmət keyfiyyətinin və cəlbediciliyinin artırılmasına töhfə verə bilər. 

Sual və cavab sessiyasında turizm təhsili mütəxəssisləri və turizm sənayesi nümayəndələri mövzu ətrafında fikir mübadiləsi aparıblar.