Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı,  Loqos psixoloji və nitq inkişaf mərkəzinin dəstəyi ilə “Qadınlara qarşı gender əsaslı zorakılıq” mövzusunda təlim keçirilib. 

Universitetdən "Unikal"a  verilən məlumata görə, təlim-Tədris Mərkəzinin rəhbəri Günel Axundova “Qadınlara qarşı gender əsaslı zorakılıq” adlı məruzəsində mövzunun aktuallığını xüsusi vurğulayıb.  Müxtəlif səbəblərdən qaynaqlanan mənfi təsirli məsələnin həll yollarını diqqətə çatdırıb.  Gündəmdəki mövzunu psixoloji faktorlar çərçivəsində detallı şərh edən G.Axundova tələbələrin çoxsaylı suallarını cavablandırıb.   

Təlimdə ATMU-nun “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Vasif Muradzadə diqqətçəkən mövzunun aktuallığını, cinsindən asılı olmayaraq hər bir vətəndaşın bu istiqamətdə düşüncələrin erkən yaşlarda formalaşdırılmasının zəruriliyini qeyd edib.  

Təlim, Loqos psixoloji və nitq inkişaf mərkəzinin Təlim-Tədris Mərkəzinin rəhbəri Günel Axundova, Təlim-Tədris Mərkəzinin mütəxəssisi Rəna Quliyeva, psixoloq Vüsalə Hüseynova tərəfindən keçirilib.  Təlimin sonunda ATMU və Loqos psixoloji və nitq inkişaf mərkəzi arasında davam edən əməkdaşlıq əlaqələri çərçivəsində təcrübə və iş imkanları, ustad dərsləri, təlimlərin təşkili və s. tədbirlərin tələbə və məzunlar üçün faydalı olacağı qeyd edilib. 

 “Qadınlara qarşı gender əsaslı zorakılıq” mövzusuna həsr olunan  təlimdə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova, “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi Vasif Muradzadə və Sosial menecment fakültəsinin I və II kurs tələbələri iştirak ediblər.