Azərbaycan Turizm və Menecment Universitetində “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda ONLİNE formada ( Microsoft Teams proqramı vasitəsilə) VI Respublika Elmi- Konfransı keçirilib.

"Unikal" xəbər verir ki,  tədbiri çıxış nitqi ilə açan Universitetin rektoru İlham Mədətov konfrans iştirakçılarını salamlayıb. O, “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda qarşıda duran ən mühüm vəzifələrdən biri bütün sahələr və istiqamətlər üzrə müasir idarəetmənin nəzəri və metodoloji problemlərini araşdırmaq və həll etmək olduğunu  vurğulayıb. 

"Çünki, elə bir sahə yoxdur ki, orada idarəetməyə ehtiyac olmasın. İdarəetmə insanların fəaliyyətini istiqamətləndirməklə və onların davranışlarının əsaslarını yaratmaqla məqsədə nail olmaq bacarığı olub, insan fəaliyyətinin bütün sahələrinə aid edilir. Bazar münasibətlərində baş verən dəyişikliklər iqtisadi sistemin mahiyyətini dəyişdirərək bütövlükdə idarəçilik münasibətlərində də dəyişikliklər etməyə sövq edir. İdarəetmə münasibətlərində dəyişiklik isə yeni bazar münasibətləri şəraitində idarəetmənin təkmilləşdirilməsini və inkişafını nəzərdə tutur. Müasir cəmiyyətdə idarəetmənin təkmilləşdirilməsinin və inkişafının əsasında idarəetmə nəzəriyyələrinin və konsepsiyalarının formalaşdırılması və inkişafı durur. Ona görə də müasir idarəetmə nəzəriyyələrinin və konsepsiyalarının öyrənilməsi çox aktual bir məsələdir, eyni zamanda mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir",- deyə İlham Mədətov bildirib.