Bakı şəhəri 282 nömrəli tam orta məktəb şagirdlə bağlı məsələyə aydınlıq gətirib.

Məktəbdən "Unikal"a verilən məlumatda qeyd olunur ki, məktəbin 7ç sinif şagirdi (müvafiq səbələrə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir. Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir.

Şagirdin anası da psixoloji cəhətdən qüsurludur.

Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. 

***

09:39

"Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir".

Bu barədə "Unikal"a açıqlamasında DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. E.Hacıyev bildirib ki, rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbədir:

"Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır".

Qeyd edək ki, ötən gün adıçəkilən məktəbdə şagirdlərdən birinin şalvarını çıxardığı, qız uşaqlarını küçə söyüşləri ilə təhqir etdiyi, müəllimələri söydüyü və məktəbə bıçaq gətirib hamını hədələyi ilə bağlı məlumat yayılıb.