"Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar".

Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub. 

Bildirilib ki, Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

*** 13:41

Azərbaycan Minatəmizləmə Agentliyi Şuşada mülki şəxslərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

"Unikal" xəbər verir ki, məlumatda deyilir:

"Şuşa şəhərinin Daşaltı kəndindən 1 300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər - 1999-cu il təvəllüdlü Xanatov Orxan Norim oğlu və 1993-cu il Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub. Hadisə 9 dekabr tarixində saat 08:30 radələrində baş verib. Agentliyin təmizləmə qrupu tərəfindən hər iki şəxsin cəsədi minalı ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

ANAMA-nın İctimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsi məlumat üçün bildirir ki, partlayış nəticəsində həlak olan şəxslər Daşaltı kəndində bərpa və quruculuq işlərini həyata keçirən tikinti şirkətinin əməkdaşları olub.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılmış ilkin araşdırmalara görə hadisə düşmənin basdırdığı sürpriz mina partlayışı nəticəsində baş verib. Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması daha güclü partlayışa və öz növbəsində minaya düşənin ölümünə səbəb olur. Bu tip sürprizlər bir daha Ermənistan tərəfinin terrorçu niyyətinin baris nümunəsidir.

ANAMA tərəfindən azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərə növbəti dəfə müraciət olunur ki, təhlükəli və şübhəli ərazilərə daxil olmasınlar, rastlaşdıqları naməlum əşyalara toxunmasınlar".

***

12:59

Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hazırda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən  hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.

***

12:55

Xəbər verdiyimiz kimi, bu gün Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

***

12:39

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Əlavə məlumat veriləcək.