Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin Dövlət Universitetləri və elmi-tədqiqat mərkəzlərinin  Assosiasiyasının XXIII Baş Assambleyasının  növbəti iclasında iştirak edib.

Universitetdən "Unikal"a verilən məlumata görə, adıkeçən qurumun “Turizm XXI əsrdə: inkişaf problemləri” mövzusuna həsr olunan bölmə iclasında N.Quliyevin “Azərbaycanda turizm sənayesinin müasir durumu və inkişaf problemləri”nə dair təqdimat-çıxışı iştirakçılar tərəfindən maraqla dinlənilib. Xəzəryanı ölkələrin Dövlət Universitetləri və elmi-tədqiqat mərkəzlərinin Assosiasiyasının XXIII Baş Assambleyasında Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) “Xəzəryanı ölkələrdə qonaqpərvərlik sənayesinin inkişaf etdirilməsində xarici təcrübənin tətbiqi” mövzusunda elmi konfransın keçirilməsi təklifi tövsiyə olunmaqla bərabər, ənənəvi beynəlxalq sərginin təşkilinə cavabdehlik   qərarı da açıqlanıb. Azərbaycan,İran İslam Respublikası, Rusiya Federasiyası, Türkmənistan, Qazaxıstan nümayəndələrinin yekdil qərarına əsasən tədbir çərçivəsində  Qazaxıstan Universitetləri və Assambleyası arasında müqavilə imzalanıb.

Tədbir dönəmində iştirakçılar Qazaxıstan Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin kampusu və struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olublar.