Mingəçevir şəhərində evdə partlayış olub.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərdə ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə evin dam örtüyü çöküb, divarları dağılıb və 12 m2 sahədə taxta konstruksiyaları yanıb.

Partlayışın dalğasından həyətyanı sahədə dayanmış "VAZ" markalı minik avtomobilinin şüşələri sınıb, qonşu evlərin dam örtüyünə və pəncərə çərçivələrinə ziyan dəyib.

Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

13:19

Mingəçevir şəhər Günəşli masssivində yerləşən evlərin birində güclü partlayış baş verib.

"Unikal"ın əldə etdiyi məlumatına görə, partlayış nəticəsində ev həmin tamamilə yararsız hala düşüb. Ümumilikdə isə 11 evə və həmin ərazidə dayanan "VAZ-2107" markalı avtomobilə zərər dəyib.

Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər - 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc Qənbərova, eyni zamanda qonşu binada yaşayan 1997-ci il təvəllüdlü Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı