2021-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 5 nəfər məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, 4 nəfər məhkumun isə cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilib.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatında bildirilib.

Qeyd olunub ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar qəbul edilmiş Amnistiya aktı 65 şəxs barəsində tətbiq edilib ki, onlardan 14-ü azadlıqdan məhrumetmə cəzasından, 2-si cinayət məsuliyyətindən azad edilənlər, 12-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılan məhkumlardır.

Xatırladaq ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub. Noyabrın 5-də qüvvəyə minən Amnistiya Aktının icrası dörd ay müddətində təmin edilməlidir.

Anar Kəlbiyev