Bu gün  sosial  şəbəkələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqının qalanını ödəməyən tələbələrin adları yazılaraq divara vurulması  ilə  bağlı fotolar paylaşılıb. 

Məsələ ilə bağlı "Unikal"a Univeristetin mətbuat katibi Şahanə Mahmudzadə  açıqlama verib. Onun sözlərinə görə, Universitet rəhbərliyinin təhsil haqqını ödəməyən tələbələrin siyahısının nümayişiylə bağlı heç bir tələbi olmayıb. Bu siyahı semestr imtahanları öncəsi sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahısıdır.

Bildirilir ki, bakalavr təhsil pilləsində bütün ödənişli ixtisaslar üzrə illik təhsil haqqı 1800 manatdır. Universitetə ödənişli əsaslarla qəbul olan tələbələrlə bağlanmış fərdi müqavilənin “Ödəniş qaydaları” bölməsinə əsasən, onlar ödəmənin qaydalarıyla tanış olur və müvafiq imzayla şərtləri qəbul etdiklərini təsdiqləyirlər.

Bununla belə, ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir, humanist yanaşaraq onlara təhsil haqqını ödəməsi üçün müəyyən edilmiş zamandan daha uzun müddət vaxt verir.

Sözügedən siyahıya nəzər saldıqda görmək olar ki, həmin siyahıda 3600 AZN, 3500 AZN, 3352 AZN kimi böyük məbləğlər var. Bu da təhsilinin III və ya IV ilində olan tələbənin 2 (iki) təhsil ilinin haqqını ödəmədiyi halda, kursdan kursa keçirilməsində universitet rəhbərliyi tərəfindən bir problem yaradılmadığının sübutudur. Bu şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur.

Gülayə  Mecid