Gəncə Ağır Cinayətlər Məhkəməsində sabiq Milli Qəhrəman Rasim Əkbərovu bıçaqlamaqda təqsirləndirilən Xaliq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Unikal"ın məlumatına görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi üzrə məhkəmə baxışı yanvarın 18-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Goranboy rayonunda baş verib.

Sabiq Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlunu bışaqlayan Məmmədov Xaliq Füzuli oğlu tutularaq barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, R.Əkbərovu bıçaqlayan şəxs gənc oğlandır.

Qeyd edək ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Ancaq sonralar dövlət çevrilişinə cəhddə günahlandırılaraq 15 illik həbs cəzası alan R.Əkbərovun bu fəxri adı da ləğv olunub. Belə ki, Azərbaycan Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə R.Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.