Naxçıvan gömrükçüləri narkotik qaçaqmalçılığı üzrə daha bir cəhdin qarşısını alıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Almaniya Federativ Respublikasına mebel və xalça yükü aparan 63AA657/63AA658 dövlət nömrə nişanlı “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunub.

Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinin qoşqusuna baxış keçirilən zaman 6 ədəd kreslonun və 1 ədəd divanın qoltuq hissələrində  gizlədilmiş 26 ədəd bağlamada ümumi çəkisi 47 kq 376 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb. 

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.