Bu gün Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Unikal"ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq olunub.

Mahir Ələkbərovun Ramiz Göyüşovla olan telefon danışıqları dinlənilib.

Zərərçəkmiş Ramiz Göyüşov iclasda iştirak etməyib. O, səhhəti ilə bağlı məhkəməyə ərizə göndərərək prosesə gələ bilmədiyini, onun iştirakı olmadan məhkəmənin keçirilməsini istədiyini bildirib.

Daha sonra Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov növbəti iclasda Ramiz Göyüşovun iştirak etməsinin təmin olunmasını istəyib. Vəkil bildirib ki, Ramiz Göyüşova veriləcək sualları var və buna görə də zərərçəkmişin prosesdə iştirakı vacibdir.

Növbəti məhkəmə prosesi yanvarın 14-nə təyin olunub.