İspaniya millisinin futbolçusu Jerar Pike "Barselona" klubundakı maaşının məbləğini açıqlayıb.

"Unikal" xəbər verir ki, 35 yaşlı müdafiəçi bankdan aldığı arayışı şəxsi tviter səhifəsində paylaşıb.

Təcrübəli oyunçu 2021-ci ildə Kataloniya təmsilçisindən cəmi 2,3 milyon avro pul aldığını bildirib. Onun sözlərinə görə, bu məbləğ ümumi məvacibin 50 faizidir.

Pike bununla ötən il vergilərdən əlavə 28 milyon avro qazandığı barədə yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, Jerar Pike "Barselona"da pandemiya ilə bağlı yaranmış maliyyə çətinliyinə görə maaşının böyük hissəsindən imtina edib.