Sumqayıt şəhərində ümumi sahəsi 4280 m² (hər mərtəbəsi 1070 m²) olan mansarda tipli dördmərtəbəli xəstəxana binasının birinci mərtəbəsində otağın və dəhlizin yanar konstruksiyaları 134 m² sahədə yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı xəstəxananın yerləşdiyi mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 32 nəfər (xəstə) xilas edilib, 49 nəfər (xəstə və personal) təhlükəsiz əraziyə təxliyə olunub. Xilas edilənlərdən 15 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən digər xəstəxanaya aparılıb.

Əməliyyat şəraitinin operativ və düzgün qiymətləndirilməsi, yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.