"Sumqayıtda bayraqla avtomobil təmizləyən şəxs saxlanılıb".

Bunu "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru Zeyni Hüseynov deyib.

"Bu gün sosial şəbəkələrdə yaşlı bir kişinin bayraqla avtomobil təmizləməsinin videosu yayılmışdı. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib.

Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan S.Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.

S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər bir kəsdən üzr istəyib və peşman olduğunu söyləyib.

***

14:44

Azərbaycanda taksi sürücüsü avtomobilini Azərbaycan bayrağı ilə silib. 

"Unikal" xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayılıb.

Görüntülərdə orta yaşlı kişinin əlindəki bayraqla maşının üzərindəki tozu və avtomobilin dövlət nişanını silməyi yer alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlayıb.