Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar- Xalqımızın hüzn, həm də şərəf günüdür” adlı onlayn tədbir keçirilib.

"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejimi başçılarının xeyir-duası ilə  Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı və amansız cinayətdən detallı bəhs edib. 20 Yanvar faciəsini “çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi” adlandıran rektor vətənimizdə törədilən hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinə aydınlıq gətirib. İ.Mədətov 20 Yanvar faciəsini sıradan deyil, sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün düşünülərək planlaşdırılan xüsusi ssenari əsasında həyata keçirildiyini diqqətə çatdırıb.Son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı soyqırım və işğalçılıq siyasətinin növbəti mərhələsi olduğnu, 20 Yanvar faciəsinin erməni və ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib. Dövlət müstəqilliyimizə tuşlanan düşmən gülləsinə sinələrini sipər edən qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daima uca tutulacağını vurğulayıb.

Tədbirdə universitetin “İctimai fənlər” kafedrasının professoru Məhərrəm Zülfüqarlı bildirdi ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsədə, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu yenidən sübuta yetirdi. 1990-cı il 20 Yanvar və ondan sonrakı günlərdə şahidi olduğu dəhşətli  hadisələrdən bəhs edən M.Zülfüqarlı çıxışının sonunda vətən uğrunda şəhid olanlara Allahdan rəhmət dilədi

İ. Mədətov yekun nitqində bildirdi ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev gözlənilən hər cür təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə etirazını bildirdi. Xalqımızın düşmənə qarşı millət olaraq birləşdiyini dünyaya bəyan elədi. Bu bir faktdır ki,  Qanlı Yanvar faciəsinə hüquqi- siyasi qiymət məhz Ümummilli lider Heydər Əliyev tərəfindən  verilib. Ulu öndərin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Şəhidlər Xiyabanında möhtəşəm abidə kompleksi ucaldılıb.

Qeyd edək ki, ATMU-da gün ərzində 20 Yanvar faciəsinə həsr olunan sənədli və bədii əsərlər sərgilənib.