"Ötən illərdə olduğu kimi cari ildə də əsas diqqət Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycan Ordusunun qarşısında qoyduğu bir sıra vacib tapşırıqların və bundan irəli gələn mühüm məsələlərin həllinə yönəldilib".

"Unikal" xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib. Nazir bildirib ki, 2021-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətinin təhlili qarşıya qoyulan bütün tapşırıqların tam həcmdə yerinə yetirildiyini göstərib.

İclasda Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin inkişafı, təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

General-polkovnik Z.Həsənov hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılmasının 2022-ci ildə də prioritet məsələ olacağını xüsusi qeyd edib.

Ötən il ərzində həyata keçirilən tədbirləri təhlil edən müdafiə naziri qoşun növlərinin fəaliyyətini qiymətləndirib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, o cümlədən dövlət sərhədində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması məqsədilə 2022-ci ildə icra olunacaq fəaliyyətlər və qarşıda duran vəzifələr ilə bağlı komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.