ABŞ prezidenti Cozef Bayden və ukraynalı həmkarı Vladimir Zelenski cümə axşamı telefon danışığında Ukrayna sərhədində davam edən gərginliyi müzakirə ediblər.

"Unikal" xəbər verir ki, Bayden ABŞ-ın Ukraynaya dəstəyini, o cümlədən "təzyiqlər şəraitində Ukrayna iqtisadiyyatına kömək etmək üçün əlavə makroiqtisadi dəstəyi" təsdiqləyib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, səfirlik əməkdaşlarının amerikalı ailə üzvlərinin ölkəni tərk etməsinə baxmayaraq, ABŞ-ın Kiyevdəki səfirliyi hələ də açıqdır və tam fəaliyyət göstərir.

Bayden bildirib ki, dördtərəfli dialoq üzvlərinin 2020-ci ilin iyulunda atəşkəs sazişinə sadiq qalması gərginliyin azaldılmasına və Minsk razılaşmalarının irəliləməsinə kömək edəcək. Müqavilələrdə Kiyevdəki hökumət qoşunları ilə Donbass bölgəsindəki silahlı qruplaşmalar arasında dərhal atəşkəs əldə olunması və münaqişənin diplomatik yolla həllinə nail olunması tələb olunur.

Zelenski isə tvitində bildirib ki, telefon danışığı zamanı iki lider "eskalasiya üzrə son diplomatik səyləri müzakirə edib və gələcək üçün birgə hərəkətlər barədə razılığa gəliblər". O, həmçinin "Ukraynaya maliyyə dəstəyi imkanlarının da müzakirə edildiyini" təsdiqləyib.

Ağarza Elçinoğlu