Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvar ayında Yəməndə 234 mülki şəxsin öldürüldüyünü açıqlayıb.

"Unikal" xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi Yəməndəki münaqişədə ölənlərlə bağlı hesabat dərc edib.

Hesabatda Yəməndə yanvar ayında 234 mülki şəxsin öldürüldüyü və bunun 3 ildir davam edən qarşıdurmada bir ayda ən yüksək rəqəm olduğu vurğulanıb.

Həmçinin də, hesabatda Yəməndə vəziyyətin 2021-ci ilin son rübündən bəri pisləşdiyi bildirilib. Belə ki, 2021-ci ildə 769 mülki şəxs həlak olub, 1739 nəfər yaralanıb.

Qeyd edək ki, İranın dəstəklədiyi husilərlə hökumətə bağlı qüvvələr arasında toqquşmalar olur. Husilər 2014-cü ilin sentyabrından paytaxt Sənanı və bəzi bölgələri nəzarətə götürüb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından Husilərə qarşı Yəmən hökumətinə dəstək verir.