Arzuxan Əliyev: “Prezidentliyə namizədliklə bağlı Etibar bəyin özü qərar verməlidir”

“Təəssüf ki, müxalifət partiyaları, bir növ, hadisələrin arxasınca getmiş kimi görsənir”

Prezident seçkilərinə bir neçə aylıq vaxt qalmış cəmiyyətdə baş verən siyasi-sosial proseslərlə bağlı suallarımızı AMİP-in baş katibi Arzuxan Əliyev cavablandırır.

-Arzuxan bəy, bu gün (dünən-red.) AMİP cəmiyyətə gözlənilməz mesaj verdi: partiyanızın fəal praktik siyasətdən aralanmış lideri Etibar Məmmədovun prezidentliyə namizədliyinin irəli sürüləcəyi barədə məlumat yayılıb. Sizcə, Azərbaycan cəmiyyəti bu gün hansı durumdadır ki, bu addımı gerçəkləşdirdi?

-İlkin olaraq, Etibar bəyin prezidentliyə namizədliyi ilə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm. Bir müddət əvvəl də mətbuatda belə bir məlumat yayılmışdı. Amma mən bildirmək istəyirəm ki, hələ ki konkret olaraq Etibar bəyin özü tərəfindən prezidentliyə namizəd olacağı ilə bağlı fikir səsləndirilməyib. Bu məsələ ilə bağlı onun mövqe sərgiləməsi daha inandırıcı olardı. Buna görə də mətbuatda yayılanları bir qədər faktı qabaqlamaq kimi qiymətləndirmək olar. Prosedur qaydasına görə, Milli İstiqlal Partiyasından prezidentliyə namizəd olacaq şəxsin namizədliyi partiyanın ali orqanı olan qurultay tərəfindən irəli sürülür, təsdiqlənir və bundan sonra digər təşkilati məsələlər həll edilir. Bu mənada Milli İstiqlal Partiyasının iyun-iyul aylarında növbəti qurultayının keçiriləcəyi gözlənilir. Həmin tədbirə qədər partiyanın Mərkəzi Şurasının növbəti iclaslarından biri olacaq və həmin iclasda partiyanın seçkilərdə öz namizədləri ilə iştirak perspektivləri müzakirə ediləcək. Yekun qərar isə partiyanın qurultayında verilə bilər. Şübhəsiz ki, partiyamızın hər bir üzvü və eləcə də təəssübkeşlərimiz və Etibar Məmmədova xüsusi rəğbəti olan insanlar onun növbəti prezident seçkilərində namizəd olması ilə bağlı istəkləri, arzuları var və bu, zaman-zaman ifadə olunur. Bu da təbiidir. Biz də çox istərdik ki, prezident seçkilərində partiyamızın namizədi Etibar bəy olsun. Amma şübhəsiz ki, bu məsələ ilə bağlı Etibar bəyin özü qərar verməlidir və yalnız bu qərardan sonra konkret mətləblərdən danışmaq mümkündür.
Qaldı ki, ölkədəki ictimai-siyasi vəziyyətdə hansısa dəyişikliklərin olub-olmamasına, bu, həqiqətən də, müzakirə olunası məsələdir. Çünki son ayların hadisələri göstərir ki, ölkədəki vəziyyət günü-gündən, hətta saatbasaat dəyişən dinamika ilə inkişaf edir. Bura bütövlükdə narazı elektoratın birləşməsini misal göstərmək olar. Qonşu dövlətlərdə Azərbaycanın siyasi həyatı ilə bağlı olan aktivləşməni də bu sıraya aid etmək mümkündür. Kənardan Azərbaycan hökumətinə bu və ya digər formada edilən təzyiqləri də misal gətirmək olar. Ümumilikdə Azərbaycanın siyasi həyatında fəaliyyət göstərən siyasi təşkilatların da aktivləşməsi bu qəbilə aiddir. Faktiki olaraq, hər bir prezident seçkiləri ərəfəsində cəmiyyətdə aktivləşmə müşahidə olunur, amma hesab edirəm ki, bu dəfəki aktivləşmə bir qədər daha ciddi təsir bağışlayır. Çünki hökumətin apardığı siyasətə görə Azərbaycan cəmiyyətində kifayət qədər ciddi narazılıqlar var. Həm daxili siyasətlə bağlı, həm də xarici siyasətlə bağlı. Hesab edirəm ki, bu narazılıqlar pik nöqtəsinə yaxınlaşmaq üzrədir. Ona görə də bu cür fəallaşma təbiidir.

-Sizin partiya həm də demokratik qüvvələrin Məşvərət Məclisində təmsil olunur. Bu yaxınlarda isə bu qurum Nümayəndələr Palatasına transformasiya olundu. Sizcə, bu qurumdakı tərəfdaşlarınız Etibar bəyin prezidentliyə namizədliyinə necə yanaşacaqlar? Siz bayaqdan partiyadaxili prosedur qaydalarını izah edirdiniz. Amma od yanmasa, tüstü çıxmaz. Yəni bu məlumat mətbuata təsadüfən çıxmayıb…

-Bilirsiniz ki, Milli İstiqlal Partiyasının təşəbbüsü ilə siyasi partiyaların Məşvərət Məclisi formalaşıbdır və çox düzgün qeyd elədiniz ki, artıq bu qurum Nümayəndələr Palatası formasında fəaliyyət göstərir. Məşvərət Məclisində təmsil olunan on iki siyasi partiya seçkilərdə iştirakla bağlı bu və ya digər formada müzakirələr aparmayıb. Amma Məşvərət Məclisi formalaşan zaman da burada təmsil edilən partiyalar əvvəlcədən bildiriblər ki, bu qurum siyasi blok deyil, məsləhət-məşvərət orqanıdır. Onun siyasi bloka çevrilməsi üçün, şübhəsiz ki, onların arasında iki və çoxtərəfli müqavilələrin bağlanması, hansısa namizədin məsələsi ilə bağlı ortalıqda hansısa konkret razılaşma olmalıdır. Bu mənada həmin siyasi partiyalar arasında kimin namizədinin ətrafında seçki blokunun yaradılması ilə bağlı hələ ki ortalıqda heç bir fikir yoxdur, bu məsələ müzakirə edilməyib. Və hələlik belə bir ideya müzakirə obyekti deyil. Sadəcə olaraq, Məşvərət Məclisində təmsil olunan siyasi partiyalar bu qurum yaranan gündən öz qarşılarına qoyduqları əsas məqsədi élan eləyiblər ki, bu məqsəd də ölkədə normal, demokratik seçki mühitinin formalaşdırılmasıdır. Və normal, demokratik seçki mühiti formalaşmadan ölkədə həqiqətən də düzgün, dürüst seçkilərin keçirilməsi qeyri-mümkündür. Bu mənada digər partiyalarla bərabər qarşımıza qoyduğumuz əsas məqsəd budur ki, ölkədə ilkin olaraq cəmiyyətin iradəsini ifadə edə biləcək seçki mühiti yaradılsın. Bura seçki məcəlləsinə müəyyən düzəlişlər edilməsi ilə bağlı təkliflər daxildir. Bu təkliflər artıq verilib. Bundan başqa, digər partiyaların da imzaladığı daha geniş təkliflər paketi var ortalıqda. Bura seçki komissiyalarının dəyişdirilməsi ilə bağlı təkliflər daxil edilib. Bu təkliflər həm cəmiyyətə mesaj olunub, həm də digər siyasi qurumlara təqdim edilib. Yəni ilkin olaraq məhz bu problemlər qabardılıb. Növbəti etapda, şübhəsiz ki, həmin partiyalarla artıq prezident seçkilərində konkret iştirakla bağlı, prezidentliyə kimin namizəd olacağı və yaxud kimin namizədinin dəstəklənəcəyi ilə bağlı müzakirələr aparılacaq. Bu müzakirələrdən sonra yaranacaq seçki blokunda neçə partiyanın təmsil ediləcəyi ilə bağlı məsələ həll edilə bilər. Hansısa partiyanın namizədinin dəstəklənəcəyi məsələsi isə ümumi və çoxtərəfli danışıqlardan sonra müəyyənləşəcək. Ona görə də bu gün AMİP-dən kimlərin prezidentliyə namizəd olacağı, başqa siyasi qurumlar tərəfindən dəstəklənəcəyi ilə bağlı məsələ gündəmdə deyil.

-Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası da Məşvərət Məclisində təmsil olunur. Prezident seçkilərinə görə bu partiya ilə əməkdaşlığınız, yaxud eyni namizədi dəstəkləmək ehtimalı varmı? Və gələcəkdə Rəsul Quliyevlə Etibar Məmmədovun ortaq məxrəcə gəlmək imkanları duyulurmu?

-Açıq Cəmiyyət Partiyası ilə biz yalnız Məşvərət Məclisi çərçivəsində birgə fəaliyyətdəyik. Əslində, bizim mövqeyimiz ondan ibarətdir ki, bütün siyasi qüvvələrin, bütün siyasi liderlərin seçkilərə buraxılmasına heç bir məhdudiyyət qoyulmamalıdır. Bu mənada Açıq Cəmiyyət Partiyasının liderinin də seçkiyə qoşulmasına qarşı yaradılmış məhdudiyyətin aradan qaldırılmasının tərəfdarıyıq. Amma seçkilərdə bu partiya ilə hansı formada əməkdaşlıq ediləcəyi, liderlərin təmaslarının hansı səviyyədə baş tutacağı barədə hələlik heç nə deyə bilmərəm. Bu barədə proqnozlar vermək fikrindən də uzağam. Bu yalnız zamana ehtiyacı olan məsələdir.

-Müxalifət cəmiyyətdə əsil demokratik seçki əhvali-ruhiyyəsi, seçim edə bilmək iradəsi yarada biləcəkmi? Seçkilərə hazırlıq müddətində və seçkilər keçiriləndə cəmiyyət-müxalifət tandemi baş tuta bilərmi?

-Əslində, çox maraqlı və çox ciddi sualdır. Mən şəxsən hesab edirəm ki, buna nail olmaq mümkündür, amma hər keçən gün bizi həmin məqsəddən uzaqlaşdırır. Çünki getdikcə vaxt daralır. Və çox təəssüflər olsun ki, (son günlərin, son ayların hadisələri də bunu göstərdi), heç kim bunu təkzib eləməyə çalışmaz ki, ölkədə baş verən narazılıqların fonunda, ciddi hadisələrin fonunda aparıcı siyasi müxalifət partiyaları, bir növ, hadisələrin arxasınca getmiş kimi görsəndi. Bu, təəssüf doğuran bir haldır. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının pərakəndə halda olması bu səbəblərdən biridir. Təəssüflə deyirəm ki, bu qurumların birgə mövqedən çıxış edə bilməməsi də bu sıraya aiddir. Nə qədər ki bu cür pərakəndəlik olacaq, qarşımıza qoyduğumuz o ali məqsədə çatmağımız çox çətin görünür. Amma bu, qeyri-mümkün də deyil. Hər halda biz bu istiqamətdə fəaliyyət göstəririk. Hələ 2010-cu ildə parlament seçkilərindən dərhal sonra İctimai Palata formalaşanda Milli İstiqlal Partiyası həmin qurumun təsisçilərindən biri olub. O vaxt da qarşımıza qoyduğumuz əsas məqsəd ondan ibarət idi ki, ilkin olaraq ölkədə fəaliyyət göstərən siyasi təşkilatların bir araya gəlməsinə, vahid mövqedən çıxış etməsinə nail ola bilək. Və irəli sürdüyümüz təkliflərin içində bir sıra məsələlər vardı ki, onların ətrafında partiyaların daha geniş spektrdə birləşməsinə nail olmaq mümkün idi. Təəssüflər olsun ki, İctimai Palata formatında buna nail ola bilmədik. O zaman bu qurumda fəaliyyətimizi dayandırmağımızın başlıca səbəblərindən biri də bu idi. Məşvərət Məclisini yaradanda da qarşımıza bu məqsədi qoymuşuq. Fəaliyyətimizdə bunu bir daha qabardırıq ki, biz əsas məqsəd olaraq ölkədəki siyasi partiyaların bir araya gəlməsini və birgə fəaliyyətini vacib hesab edirik. Nə vaxta qədər ki bu səmimi birliyə nail ola bilməyəcəyik, şübhəsiz ki, qarşımıza qoyduğumuz hədəflərə də çata bilməyəcəyik. Amma bir daha vurğulamaq istəyirəm ki, bu, əlçatmaz bir hədəf də deyil. Ümid eləyirəm ki, bu getdikcə tükənməkdə olan zaman kəsiyində müxalifət partiyaları və xüsusən də onların liderləri vahid bir iradə və vahid mövqe ortalığa qoyacaqlar. Bu, demokratik Azərbaycan naminə edilməlidir.

Söhbətləşdi: Fərzuq Seyidbəyli
AMİP-in baş katibi: “Narazılıqlar pik nöqtəsinə yaxınlaşmaq üzrədir”