Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Bakıdan olan Layihə iştirakçılarının təmsilçiliyi ilə  “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin cari 8-ci ilinin növbəti tədbiri baş tutub. 

"Unikal" xəbər verir ki,  layihə rəhbəri Turan Cəfərovanın təqdimat- çıxışından sonra söz alan Azərbaycan Turizm və Menecment Universitetinin rektor müşaviri Elvin Yusifli  Bakı gənclərinin bir qrup nümayəndəsini universitetdə salamlamaqdan məmnunluq duyduğunu bildirdi. Hər birinin ATMU-da tələbə kontingenti sıralarında yer almalarını arzuladı.

Universitetin Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova “ATMU-nun fəaliyyət strategiyası və hədəfləri”  haqqında təqdimatla çıxış etdi. Dövlət ali təhsil müəssisəsi olaraq ATMU-da turizm və menecment sahələri üzrə təhsilin bütün pillələrində kadr hazırlığının,o cümlədən Azərbaycan,ingilis və rus bölmələrinə tələbə qəbulunun həyata keçirildiyini diqqətə çatdırdı. 

ATMU-nun “Turizm və otelçilik” ixtisası üzrə 3-cü kurs tələbəsi,”Gələcəyini qur” Layihəsinin  2019-2020-ci il məzunlarından biri  Cavidan Nəsirli  universitet həyatının unudulmayan anlarından və tələbə- müəllim münasibətlərindən söz açdı. “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin direktoru, “Yeni fikir” startap müsabiqəsinin təsisçisi, dosent İsa Qasımov və “T-Network” təhsil platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov isə təqdimat-çıxışlarında yaradıcı yanaşma, kreativ və tənqidi düşüncə, innovasiya və təşəbbüskarlıqdan bəhs etdilər.

Qeyd etmək lazımdır ki,BP və tərəfdaşları, PAŞA Holding, “Azerfon”, Baker Tilly və İpəksu şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçirilən  Layihənin cari fəaliyyətindən Bakının bütün rayonları, regionlardan isə Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlaxdan 170-ə yaxın gənc və onların ailələri faydalanır. 

Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi 2014-cü ildən Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.