Orxan Kərimov çoxların başın ağrıdacaq
Orxan Kərimov çoxların başın ağrıdacaq
Təhsil naziri və aparat rəhbəri məhkəmənin gedişatından narahatdır, Məleykə Abbaszadə isə fürsət qovalayır

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimov, habelə "Zəngəzur" MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Vüsal Orucov ötən məhkəmə iclası zamanı O.Kərimovun vəkili Ramiz Məmmədov tərəfindən verilən vəsatətlərə münasibət bildirib. V.Orucov vəsatətlərin təmin olunmamasını məhkəmədən xahiş edib. Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hakim vəsatətlərin təmin olunmadığını açıqlayıb. Proses aprelin 18-də davam etdiriləcək.
Qeyd edək ki, ötən proses zamanı vəkil Ramiz Məmmədov vəsatətlərlə çıxış edərək Orxan Kərimovun barəsində seçilən həbs-qətimkan tədbirinin martın 4-də başa çatdığını və həmin tarixdən sonra müdafiə etdiyi şəxsin həbsdə saxlanılmasının qanunsuz olduğunu deyib. Sonra R.Məmmədov O.Kərimovun qayınanasına məxsus mənzildə aparılan axtarışların nəticələrinin sübutlar siyahısından çıxarılması barədə vəsatət verib.
Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovun məhkəməsi başlayandan bəri nazir Misir Mərdanov və nazirliyin aparat rəhbəri İlham Pirməmmədov narahatlıq keçirirlər. Bu barədə məlumat verən etibarlı mənbə bildirib ki, hələ xeyli əvvəldən Kərimovun məhkəməsində işlərin yaxşı getməyəcəyindən əmin olan hər iki şəxs, indi diqqətlə gedişatı izləyirlər.
Qeyd edək ki, nazirliyin sabiq işçisi həbsdə olduğu müddətdə səsini çıxarmasa da, bunun onun həmişəlik susacağı anlamına gəlmirdi. Çünki gedişat fonunda Kərimovun anasının mətbuata verdiyi açıqlamalar vəziyyətin gərgin olacağına əminlik yaradırdı. Elza Kərimova bildirirdi ki, oğlu cinayətkar deyil və bu işləri həyata keçirənlər hal hazırda Təhsil Nazirliyində əyləşirlər. O, hətta konkret ünvan da göstərərək bəyan etmişdi ki, İlham Pirməmmədov özünün gördüyü qeyri-qanuni işləri onun oğlunun üzərinə yıxıb.
Eyni zamanda, Orxan Kərimov ilk məhkəmədəcə Təhsil Nazirliyindəki "cinayətkarlar" barəsində danışacağanı deyib. O bildirib ki, əsl cinayətkarlar nazirlikdə əyləşiblər və onu da həbsə atdırıblar. Bu artıq ultimatum kimi də başa düşülə bilər. Yəni, nazirliyin keçmiş işçisi bununla bəyan edib ki, o, hər şeyi açıb danışacaq.
Pirməmmədovun adının ortalıqda hallanmasının səbəbləri elə də qəliz deyil. Əksinə, durum belədir ki, Təhsil Nazirliyi Aparatının rəhbərinin adı qeyri-qanuni tələbə köçürmələrində hallanır və bu işlərin başında onun dayandığı deyilir. Hətta o da vurğulanır ki, ona bu məsələlərdə yüksək çinli məmurlardan biri yardımçı olur. Orxan Kərimovdan qorxmasının əsas səbəbi də odur ki, sözügedən şəxs bu əməliyyatları kifayət qədər yaxşı bilir və hər şeydən məlumatlıdır. Və bu məsələ onu deməyə əsas verir ki, məhkəmə prosesində qeyd olunan şəxs danışarsa, bu İlham Pirməmmədov üçün yaxşı qurtarmayacaq.
Misir Mərdanovun narahatlığının səbəbi də elə eyni şeydir. Çünki işin içindən xəbəri olan birinin məhkəmə önündə nə danışacağını proqnozlaşdırmaq mümkün deyil. Zatən, indiyə qədər Orxan Kərimov ultimativ dildə danışıb və onun başçılıq etdiyi nazirliyin adını çəkib. Böyük ehtimalla yaxın məhkəmə proseslərində nazirin də bir sıra qaranlıq işlərinə aydınlıq gətirəcək açıqlamalar verəcək. Belə olan təqdirdə, Misir Mərdanovun tək çıxış yolu Orxan Kərimovu susdurmaqdır ki, indiki halda onu etmək mümkün deyil. Bunun tək çıxış yolu var ki, o da nazir keçmiş işçisini məhkəmə zalından azadlığa buraxdırmalıdır. Bunu bacarıb, bacarmayacağı isə məlum deyil.
Bu barədə danışan mənbə deyir ki, istər Misir Mərdanov, istərsə də İlham Pirməmmədovun qorxduğu bir başqa məsələ də var. Həmin tərəf isə TQDK sədri Məleykə Abbaszadədir. Xeyli müddətdir TQDK ilə Təhsil Nazirliyi arasında gedən "müharibə"də tərəflər bir-birlərindən "ÇP" taparaq, həmin boş yerdən hücuma keçməyə çalışırlar. Bu yaxınlarda iki dövlət qurumu arasında baş verən qalmaqal isə həmin proseslərdən biri kimi səciyyələndirilir.
Məlumatlı mənbə qeyd edir ki, əslində, Məleykə Abbaszadə də Orxan Kərimovun məhkəməsini diqqətlə izləyir. Lakin onun bu izləməsi Misir Mərdanov və İlham Pirməmmədovdan fərqlidir. Çünki komitə sədri rəqiblərinə qarşı yeni bir hücum təşkil etmək üçün bəhanə və şans axtarır ki, bu da Kərimov ola bilər. Elə bu səbəbdən də qayqan vurğulayır ki, yaxın günlərdə veriləcək açıqlamalar yeni bir savaşın əsasını qoyacaq.
Bir sözlə, Orxan Kərimov çox baş ağrıdacaq. Onun verəcəyi açıqlamaların həddi və əhəmiyyətliliyi isə iki əsas rəqibdən birinin sıradan çıxmasına gətirib çıxara bilər. Bu oyundan Kərimovun necə səmərəli istifadə edəcəyi isə məlum deyil.
Cavid Qarabağlı