Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasovun təqdimatında təlim keçirilib.

"Unikal" xəbər verir ki, “Sillabusların dizaynı, təlim nəticələrinin yazılması və qiymətləndirilməsi qaydaları” adlı təlim ATMU və TKTA arasında imzalanan “Təlim xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında təşkil olunub.

Adıkeçən təlimdə A.İlyasov sillabusların dizaynı zamanı başlıca məqamların müəyyənləşdirilməsi, təlim nəticələrinin Blum taksonomiyası metodologiyası üzrə yazılması və qiymətləndirilməsi, praktiki tapşırıqlar nəzərə alınmaqla bilik və bacarıqların təkmilləşdirilməsi kimi məsələlərə aydınlıq gətirib. 

2 gün davam edən təlimə Universitetin kafedra müdirləri, akademik heyət üzvləri,  Keyfiyyət təminatı, Tədris-metodiki və Təhsildə qiymətləndirmə şöbələrinin çoxsaylı əməkdaşları qatılıblar. 
Məlumat üçün bildirək ki, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təhsildə keyfiyyət təminatı ilə bağlı yerli və xarici qurumlarla əməkdaşlıq məsələsinə xüsusi önəm verilir.