“Avropa böhrandan keçmir, o, məhv olur”

Müasir Avropanın dövlət quruculuğu, demokratiya, insan hüquqları, əhalinin sosial rifahı, elm və mədəniyyət sahəsində əldə etdiyi misilsiz uğurlar göz qabağındadır və necə deyərlər, “Görünən dağa bələdçi nə lazım?”

Avropa hazırda Birləşmiş Ştatlarla bərabər dünya siyasətinin əsas söz sahiblərindən biridir. Bu barədə mübahisə etməyinə dəyməz.

Hətta dünyanın bir çox sakinləri indiki Avropaya cənnət kimi yanaşırlar və bu yanaşmada müəyyən qədər həqiqət payı olmamış deyil.

Bununla belə…

Təəssüf ki, hər bir gözəl təsvirin və xoşniyyətli təhlilin ardınca həmin bu məşhur “bununla belə”, ya da “amma və lakin” qoşquları gəlməli olur.

Bir çox problemlərdən xali olan Avropa hazırda olduqca ciddi böhran içərisindədir.

Yeri gəlmişkən, Avropa sivilizasiyasında qaçılmaz böhranın başlayacağı barədə hələ XIX əsrin sonlarında və XX əsrin əvvəllərində məşhur alman filosofu Şpenqler və rus filosofu Danilevski yazmışdılar. Hər iki müəllif Qərb sivilizasiyasının qədim Yunanıstan və Qədim Romadan baş götürüb gələn bütün tarixini, mədəniyyətini morfoloji baxımdan təhlil edərək bu qənaətə gəlmişdilər ki, Avropa mədəniyyəti özünün zirvə dövrünü çoxdan keçib və onun məhvə yuvarlanması qaçılmazdır.

Vaxtilə mənşəcə türk olan məşhur rus alimi Nikolay Qumilyev də xalqların və sivilizasiyaların doğuluşunu, inkişafını, yüksəlişini və tənəzzülünü təbiət qanunları və prosesləri müstəvisində izah edərək bu qənaətə gəlmişdi ki, istənilən sivilizasiya fenomeni yenidən dirçələ və yüksələ bilər.

Bəs əslində, nə baş verir? Çağdaş insanlıq və indiki mövzumuzun predmeti olan Avropa mədəniyyəti hara gedir? İflasa, yoxsa iflasdan sonrakı yüksəlişə?

Bəşəriyyətin nəhəng tarixində əsas sözünü deyib qurtarmış və planetin aparıcı proseslərinin qarşısında sadəcə seyrçi rolunu tutmuş Asiya qitəsi kimi Avropa da “tamaşaçılar skamyası”namı keçməli olacaq?

Qeyd etməliyik ki, hələ ki dünyada iki qitə “öz sözü”nü tam deyib: Asiya və Avropa. “Çıxış”ının qaynar nöqtəsində olan Şimali Amerikadan sonra növbə Cənubi Amerikaya və Afrikaya çatacaq. Lap son söz isə Avstraliyaya məxsus olacaq...

Yenə də “bununla belə”, qitələrin və sivilizasiyaların iflası sonlu və dönüşsüz proses deyil. Xalqı və sivilizasiyanı əzəmətli ideya (din, fəlsəfi konsepsiya və s.) yenidən dirildə bilir. Tarixdə belə nümunələr çox olub.

Aşağıda oxuculara rus dilindən çevirməklə təqdim etdiyimiz mətni təkcə Avropada deyil, bütün dünyada tanınan Bernar-Anri Levi, Antonio Lobo Antunes, Salman Rüşdi, Umberto Eko kimi məşhur yazıçılar və alimlər imzalayıblar. Sənədin müəlliflərin dünyaya çox sərvətlər bəxş etmiş Avropa mədəniyyətinin böhrandan çıxardılması üçün maraqlı model təklif edirlər: vahid Avropa dövlətinin yaradılması...

Avropanı necə xilas etməli?

Avropa böhrandan keçmir, o, məhv olur.

Əlbəttə, bunun ərazi-coğrafi planındakı Avropaya dəxli yoxdur.

Söhbət Avropa ideyasından gedir.

Avropa arzusu və layihəsi barədə.

Nasist fəlakətinin astanasında Edmund Husserlin 1938-ci ildə Praqada və Vyanada öygülədiyi Avropanın ruhu barədə.

Təşəbbüs və anlayış, gözəl obraz və ümumi iş kimi Avropa barədə. Atalarımızın qurduqları Avropa barədə.

O Avropa barədə ki yeni ideya ola bilərdi, II Dünya Savaşından keçmiş, gözümüzün qabağındaca özəlliklərini itirməyə başlamış xalqlara sülh və demokratiya gətirə bilərdi.

“Qardaş xalqların” tam etinasızlığı və arsızlığı sayəsində demokratiya öz beşiyində - Afinada bərbad günə qoyulur: keçmiş zamanlarda – XIX yüzilliyin başlanğıcında ellinpərəstlər dövründə Şatobriandan Bayrona, Berliozdan Delakruaya, Puşkindən tutmuş Hüqoya qədər Avropanın bütün sənətkarları, şairləri və mütəfəkkirləri ona yardıma tələsir və onun özgürlüyü uğrunda çarpışırdılar.

Bu gün belə bir şeydən heç danışmağına da dəyməz. Sanki belə görünür ki, ellinlər tənəzzül və tabeliyin başqa biçimlərinə qarşı yeni mübarizə aparmalı olduqları məqamda bu böyük avropalıların varisləri onları danlamaqdan, üzüqara çıxartmaqdan, çirkaba bulamaqdan və onlara sırınmış sərt iqtisadiyyat planı göz alıtna alınmaqla onların keçmişdə icad etdikləri suverenitet prinsipindən məhrum etməkdən savayı yaxşı heç nə düşünüb tapa bilmirlər.

Demokratiya özünün başqa bir beşiyində, onun əxlaq və bilgi istinadgahında (üçüncüsü Yerusəlimin ruhudur), qanunla hüququn, insanla vətəndaşın arasında hədd qoyulduğu, təkcə Avropaya bu qədər çox nəsnə deyil, həm də bütün dünyaya demokratik model verən qaynağın gözündə - Romada məhv olur. Roma ənənələrinin bu qaynağı “berluskonizm”in tükənməz zəhəri ilə zəhərlənib. Bu mədəni və ruhsal patyaxtı vicdansız maliyyə qurumlarının ləzzətlə qamçıladığı hay-küylü PİGS ölkələri (Portuqaliya, Yunanıstan və İspaniya ilə ) yanaşı qoyurlar. Avropa və bütün dünya üçün bu qədər çox işlər görmüş bu ölkədən cüzamlı xəstə kimi üz çevirirlər. Rüsvayçılıqdır! Qaba istehzadır!

Demokratiya hər yerdə dayaqlarını itirir – həm qərbdə, həm şərqdə, həm şimalda, həm də cənubda. Populizmin, millətçiliyin, təcrid və kin ideologiyalarının qalxınması onu laxladır.

Avropanın əyləməyə və küncə qısnamağa çalışdığı bütün bu cərəyanlar baş qaxıncımız kimi bu gün yenidən baş qaldırır. Partiya başçısının unutqanlıqdan təhqir etdiyi tələbə ilə həmrəylik nişanəsi kimi Fransanın küçələrində “Hamımız alman yəhudiləriyik!” deyib hamımızın qışqırdığı vaxtlar necə də uzaq keçmişdə qaldı! Milan Kunderanın “əsir Avropa” dediyi başqa bir Avropadakı dissidentlərlə (Londonda, Berlində, Romada, Parisdə...) həmrəylik hərəkatı dövrü necə də uzaqlarda qalmış kimi görünür!

Eyni hal 20 il öncə özündə qəddar etnik təmizlənmənin alovuna atılmış Sarayevonu təcəssüm etdirən Avropanın qəlbi uğrunda mücadilə verən azad zəkaların kiçik beynəlmilərinə də aiddir. Bütün bunlar necə oldu? Niyə daha buna bənzər heç nə görmürük?

Bundan savayı, avronun heç kimə sirr olmayan və heç cür həll edilməyən sonsuz böhranı Avropanın təməlini sarsıdır: məgər konkret iqtisadiyyata, resurslara və vergi sisteminə bağlı olmayan bu vahid valyuta necəsə sürüşkən bir mücərrədlik deyilmi? Məgər hamı unudub ki, keçmişdə siyasi layihələrə dəstəyi yalnız ümumi bazara malik vahid valyutaları (Almaniyadakı gömrük ittifaqında marka, İtaliyada lirə, İsveçrə frankı, dollar) və ancaq onlar verə bilirdi?

Məgər vahid valyutanın mövcudluğu üçün, ən azı, büdcə minimumu, maliyyə normaları, investisiya prinsipləri, sözün qısası, ümumi siyasətin vacibliyi barədə dəmir qanun yoxdurmu?

Bərabərləşdirmə daimidir.

Federasiyasız dayanıqlı valyuta olmayacaq.

Siyasi birlik olmadan valyuta yalnız bir neçə on il mövcud ola bilər, sonra isə böhran, ya da müharibə ucbatından çökəcək.

Başqa sözlə, bu siyasi inteqrasiya (bu öhdəlik Avropanın bütün sazişlərində qeyd edilib, lakin görünür ki, heç bir məmur onu ciddi qəbul etmək niyyətində deyil) prosesində tərəqqi, milli dövlətlərin öz səlahiyyətlərinin bir hissəsindən imtinası, yəni Avropa xalqlarını təcridə və iflasa itələyən suverenlik tərəfdarlarının məğlubiyyəti olmadan, 150 il əvvəl ABŞ-dakı vətəndaş müharibəsində cənubluların qalib gələcəyi təqdirdə dolların iflasa uğrayacağı kimi avro çökəcək.

Əvvəllər deyirdilər: sosializm, yaxud vəhşilik.

Bu gün demək lazımdır: siyasi ittifaq, yaxud vəhşilik.

Hətta: federalizm, yaxud tənəzzül, ardınca isə - ictimai iflas, güzəranın qərarsızlığı, işsizliyin kəskin şəkildə artımı, yoxsulluq.

Yaxud hətta: ya Avropa siyasi inteqrasiya yolunda yeni, qəti addım atacaq, ya da tarixdən çıxdaş olunacaq və hərc-mərcliyə qərq olacaq.

Daha seçimimiz yoxdur: Avropanı ya siyasi ittifaq gözləyir, ya da ölüm.

Bu ölüm müxtəlif biçimlərdə bəlirlənə bilər, ona gediş isə dolayı yollarla ola bilər.

Xəstəlik iki-üç il, ya da hətta on il çəkə bilər. Proses hər dəfə ən pis halın arxada qalması kimi yalan duyum yaradası remissiya ilə müşayiət oluna bilər. Lakin bu hər halda baş verəcək.

Avropa tarixdən çıxdaş olunacaq. Heç nə edilməsə, bu və ya digər biçimdə bu olacaq. Bu, artıq fərziyyə, rəsmiləşməmiş əndişə, inad avropalıların gözlərinin qabağında yellənən qırmızı əski parçası deyil. Bu, qaçılmazlıqdır. Nəhs perspektivdir. Qalan hamısı (bəzilərinin bəyanatları, digərlərinin heç nəyə dəyməyən müqavilələri, çeşid-çeşid həmrəylik fondları və sabitləşdirici banklar) yalnız qaçılmaz olanın vaxtını uzatmağa və ölümcül xəstənin hər şeyin yaxşılaşacağına ümidini saxlamağa imkan verir.

Bernar-Anri Levi, Antonio Lobo Antunes, Salman Rüşdi, Umberto Eko, Klaudio Maqris, Fernando Savater, Dyerd Konrad.

Fərzuq Seyidbəyli
Avropanın məşhur ziyalıları həyəcan təbili çalırlar