Müxalifət bütün gücünü ortaya qoyur
Müxalifət bütün gücünü ortaya qoyur

5 min nəfərlik aksiya olarsa, ciddi qarşıdurma yaranacaq

Bir neçə gündən sonra, daha doğrusu, aprelin 8-də İctimai Palata mitinq keçirməlidir. Mitinqini keçirmək üçün Bakı Şəhər Icra Hakimiyyətindən iki yer istənilib. IP mitinqi "Təbriz" və "Nərimanov" kinoteatrlarının qarşısında keçirməkdə israrlıdır.

Aksiyada ölkədə siyasi, sosial, iqtisadi islahatlar aparılması, növbədənkənar parlament seçkisi keçirilməsi, əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşmaq azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlərin ləğvi, siyasi məhbusların azadlığa buraxılması tələb olunacaq.
Amma mitinqə bir neçə gün qalmış aydın oldu ki, hakimiyyət deyilən yerdə yox, Bibiheybət məscidinin yanında aksiyaya keçirtməyə razılıq verib. Müxalifət isə qarşıdurmaya getməmək üçün bununla razılaşıb. Bəs indiki məqamda icazəsiz aksiya keçirtmək hansı problemlər yaradardı və hansı effekti verə bilər?
Aksiya öncəsi aydın oldu ki, İctimai Palatanın keçirəcəyi aksiyaya digər müxalifət partiyaları dəstək verməyəcək. Hətta ADP sədri Sərdar Cəlaloğlu açıq şəkildə bəyan etdi ki, müxalifət mübarizə üçün yeni yollar və imkanlar aramalıdır. Bu səbəbdən də mitinqə partiya olaraq qatılmayacaqlarını bildirdi.
Bu isə o deməkdir ki, İctimai Palatanın aksiyasına əlavə qüvvələr qatılmayacaq. İcazəsiz aksiyalarda isə iştirakçıların sayının az olması yaxşı nəticələrlə tamamlanmır. Çünki hakimiyyət xofu artırmaq üçün 300-500 nəfərlik aksiyaları çox sərt şəkildə dağıdır.
Buna görə də hesab etmək olar ki, yenə də aksiyanın qarşısı sərt şəkildə alınacaq. İndinin özündə hakim düşərgənin təmsilçisi olan millət vəkillərinin açıqlamaları da buna misaldır.
Görünür, bunları nəzərə alan AXCP sədri Əli Kərimli daha ciddi hazırlıqlara start verib. Xatırladaq ki, AXCP sədri bəyan etmişdi ki, mitinqlə bağlı səfərbərlik elan edir və partiya üzvlərinin bir nəfər kimi aksiyada iştirakına nail olacaqlar.
Ekspertlərin fikrincə, yalnız AXCP 5 min nəfərlik qüvvə ortaya çıxara bilərsə, müxalifətin fəaliyyətində yeni mərhələ başlayacaq. Çünki 5 minlik qüvvənin qarşısını almaq güc strukturları üçün asan olmayacaq və nəticədə ajiotaj yaranacaq.
Bu da söylənilir ki, bu dəfə həbslər olmayacaq. Çünki hazırda həbsdə vicdan məhbusları var və bununla bağlı hakimiyyət təzyiqlərlə üz-üzədir. Yenidən həbslər olarsa, bu, hakimiyyət üçün yaxşı nə isə vəd etmir.
Elə müxalifət də bunu nəzərə alaraq daha çox qüvvə toplamağa çalışır. Bəs AXCP və Müsavat bu gücü əldə edə bilərmi? AXCP funksionerləri bildirir ki, hazırda hazırlıqlar ən yüksək səviyyədə gedir və min nəfərə qədər gəncin aksiyaya qatılması tam həll edilib. Bununla yanaşı bir o qədər də ortayaşlı partiya üzvünün aksiyaya gələcəyi dəqiqləşib. Eyni zamanda rayonlardan da 2 minə qədər şəxsin gəlməsi planlaşdırılır. Amma aydın olur ki, hakimiyyət də boş dayanmayıb və indidən rayon rəhbərlərinə tapşırıqlar verilib ki, əhalinin şəhərə axının qarşısı alınsın. Həmçinin müxalifət aktivlərinin mitinqdən bir gün öncə qeyri-rəsmi olaraq saxlanılması planlaşdırılır. Buna görə də AXCP bölgələrdən çox üzvlərinin gəlməsinə ümid etmir.
AXCP-dən fərqli olaraq Müsavat partiyasında o qədərdə aktivlik hiss olunmur. Bildirilir ki, ümumiyyətlə partiyada təşkilatçılıq işləri ilə məşğul olan əsas şəxs Arif Hacılı idi və onun həbsindən sonra bu istiqamətli fəaliyyətdə Müsavat lazımi göstəriciləri ortaya qoya bilmir. Bununla yanaşı son bir ildə Müsavat partiyasına qarşı hakimiyyətin aqressiv yanaşması da öz təsirini göstərib. Nəticədə partiyanın sıravi üzvlərində bir passivlik yaranıb.
Buna baxmayaraq hazırda Müsavat funksionerlərinin ciddi hazırlıqlar gördüyü və Bakı şəhər təşkilatlarının üzvlərini aksiyaya çıxartmağa hazırlaşırlar.
Bildirirlir ki, hazırda Müsavat 500-ə yaxın şəxsi aksiyaya çıxartmağa hazırdır. Buna baxmayaraq partiyanın Şəki, Gəncə və Sumqayıt təşkilatlarından da üzvlərinin aksiyalara qatılacağı planlaşdırılır.
İctimai Palatanın aksiyasında əlavə qüvvə olaraq Rəsul Quliyev tərəfdarlarınında iştirakı gözlənilir. Amma onların sayı ilə bağlı dəqiq məlumat yoxdur.
Mehdi Əli