Rusiya qüvvələri Mariupol şəhərinin əhalisini zorla Donetsk vilayətinin işğal altındakı ərazilərinə köçürür.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunub.

“Rusiyalı hərbçilərin əsas səyləri Donetsk və Luqansk vilayətərində tam nəzarəti bərpa etməkdir. Onlar Slobojan, Donetsk, Pivdennobuzski və Tavriya istiqamətlərində fəallığı davam etdirirlər. Slobojan istiqamətində qarşı tərəf Xarkov şəhərini mühasirəyə almağa və artilleriyadan atəşə tutmağa davam edir. Donetsk və Tavriya istiqamətlərində Rusiya hərbçiləri Popasna yaşayış məntəqəsini artilleriyadan atəşə tuturlar. Onlar Novotoşkivske qəsəbəsi ərazisində də qoşunlarımızın müdafiəsini yarmağa cəhd göstəriblər. Cənub Buq istiqamətində rusiyalı hərbçilər əvvəllər işğal etdiyi sərhədləri müdafiə edir, bölmələrinin döyüş qabiliyyətini bərpa etmək üçün tədbirlər görürlər. Amma onların mənəvi-psixoloji durumu aşağıdır. Əsgərlər Ukraynadakı növbəti hərbi əməliyyatlarda iştirak etmək istəmirlər” , - məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Komandanlığı şəxsi heyətin artırılmasına çalışır: “2012-ci ildən hərbi xidmətdən tərxis olunmuşlara yenidən müraciət olunur. Xüsusliə sürücülərə, mexanik-sürücülərə, kəşfiyyatçılara və kiçik komandirlərə üstünlük verilir. Çağırışın səbəbi təlim-məşq toplanışının keçirilməsidir. Rusiyalı hərbçilər müvəqqəti işğal olunmuş ərazilərdə dinc əhaliyə qarşı zorakılığı davam etdirirlər. Mariupol əhalisi Donetsk vilayətinin müvəqqəti işğal olunmuş rayonlarına deportasiya edilir. Son sutkada qarşı tərəfin 1 qanadlı raketi, 1 PUA-sı və 1 döyüş təyyarəsi məhv edilib”.