Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid İsmayılov Teymur Novruz oğlunun və İsrafilov Vidadi Vaqif oğlunun ailəsi ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, İcra Hakimiyyəti başçısının müavin Adil Tağıyev, Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar Elxan Məmmədov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev iştirak ediblər. 

Görüş zamanı şəhər rəhbəri bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin  ailələri və müharibə iştirakçılarını hər zaman diqqət və qayğı ilə əhatə edirlər. Niyazi Bayramov Gəncə şəhərində də şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. 

Daha sonra şəhər rəhbəri şəhid ailələrini  narahat edən bir sıra məsələlərlə bağlı müraciətlərini dinləyib və onların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll olunub, bəziləri isə qeydiyyata alınaraq aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.