Sərhədçi zabitlərin əllərindən çıxan binası haqqında yeni məlumat
Sərhədçi zabitlərin əllərindən çıxan binası haqqında yeni məlumat

Onlara "Euroision"dan sonrakı ayları gözləməyi tapşırıblar

Xəbər verdiyimiz ki, bir müddət əvvəl paytaxtın Nərimanov rayonu ərazisində mənzil ehtiyacı olan sərhədçilər üçün yaşayış binası inşa edilib. Hətta həmin binalardan kimlərə mənzil veriləcəyi də dəqiqləşibmiş. Amma sonradan situasiya birdən birə dəyişib: "Nərimanov rayonunun ərazisində, daha dəqiq desək, Keşlə bazarı yaxınlığında inşa olunan yaşayış binasının təyinatı dəyişdirildi. Oranın otel binası kimi fəaliyyət göstərəcəyi məlum oldu".

Bizə daxil olan məlumatlarda, binanın təyinatının dəyişdirilməsi mayda Bakıda keçiriləcək "Eurovision" musiqi yarışması ilə əlaqələndirilirdi. Bildirilirdi ki, binadakı mənzillərə müsabiqə münasibəti ilə Bakıya gələcək qonaqların bir qismi yerləşdiriləcək.
Dünən bu yazdıqlarımızı təsdiqləyən yeni məlumatlar əldə etmişik. Həmin məlumatlara görə, həqiqətən də Dövlət Sərhəd Xidmətinin Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin əməkdaşları üçün 12 mərtəbəli, 200 mənzillik bina tikilib. 48 ailə həmin mənzillərə köçüb, yerdə qalan ailələrə isə mənzillərinin orderləri paylanılıb.
Amma bir qədər keçmiş situasiya dəyişib. 48 ailəyə bildirilib ki, yenicə daşındıqları mənzilləri tərk etsinlər, çünki ora və digər mənzillərə "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan paytaxtına gələn qonaqlar yerləşdiriləcək.
Yeni məlumatlarda mənzil sahiblərinə onların müsabiqədən qısa müddət sonra - iyunun əvvəllərindən başlayaraq evlərinə qayıtmaq izni verildiyi də vurğulanır. Amma o da deyilir ki, əksəriyyətdə bu yöndə etimadsızlıq var, onlar aldadılacaqlarından və mənzillərinin həmişəlik əllərindən çıxacağından narahatdırlar.
İstisna edilmir ki, "Eurovision" bir bəhanədir və müsabiqədən sonra yaşayış binasının təyinatı həqiqətən də birdəfəlik olaraq dəyişdirilsin və ora otel olaraq fəaliyyətini davam etdirsin.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin də mövqeyini dinləməyə və çap etməyə hazırıq.

Ülviyyə Qasımlı