ABŞ prezidenti Co Baydenin Rusiyada alimləri “oğurlamaq” üçün yeni strategiya hazırladığı bildirilir.

"Unikal" "Bloomberg"a istinadən xəbər verir ki, Bayden rəhbərliyi Rusiyadan əhəmiyyətli tədqiqatçı və elm adamlarını ABŞ-a cəlb etmək üçün viza şərtlərini əhəmiyyətli dərəcədə yumşaltmaq üçün addımlar atmağa hazırlaşır. Ağ Evin Konqresə təqdim etdiyi plana görə, ABŞ ali təhsilli ruslar üçün şərtləri cəlbedici edərək bəzi şərtləri ləğv edəcək.

Plan çərçivəsində iş vizası almaq istəyən rusların hazırda bir yerdə işləməsi tələbinin aradan qaldırılması, magistratura və ya doktoranturada təhsil alan ruslara viza asanlığının təmin edilməsi nəzərdə tutulur.  Bundan əlavə, kosmik texnologiya, kibertəhlükəsizlik, informatika, nüvə mühəndisliyi, süni intellekt və raket inkişafı sahələrində çalışan ruslar üçün ABŞ-da cəlbedici iş imkanları yaradılacaq.

Məlumata görə, planın məqsədi qısa müddətdə Rusiya lideri Vladimir Putinin yüksək texnologiya və elm sahəsində insan resurslarını zəiflətmək və uzunmüddətli perspektivdə Rusiyanın innovasiya səylərinə mane olmaqdır.

Rusiyada maliyyə imkanlarının məhdudluğu və artan sanksiyalar səbəbindən ölkədən ABŞ-a rusların axını son vaxtlar sürətlənib. Fevralın 24-dən, Ukraynaya işğalın başladığı gündən bəri əksəriyyəti təhsilli və karyera sahibi olan 200 mindən çox rusiyalının xaricə getdiyi təxmin edilir.