Fransanın paytaxtı Paris şəhərinin mərkəzində 1 May nümayişi zamanı iğtişaş törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

O qeyd edib ki, saxlanılanlar arasında yanğınsöndürənlərdən birinə hücum edərək, onun yanğını söndürməsinə mane olmağa çalışan qız da var.

Nazir iğtişaşların səbəbini ultra-solçu iğtişaşçıların üzərinə qoyub və bildirib ki, bu cür zorakılıq yolverilməzdir. BFM-nin müstəqil ekspertlərə istinadən hesabatında qeyd olunur ki, Parisdəki nümayişdə 21 min insan iştirak edib. Təşkilatçıların məlumatına görə, Fransa paytaxtının küçələrinə təxminən 25 min, polisin məlumatına görə isə 17 min insan çıxıb.

Fransa paytaxtının mərkəzindəki Leon Blum meydanı ərazisində aktiv toqquşmalar başlayıb. İğtişaşlar zamanı radikallar bankların, sığorta şirkətlərinin, daşınmaz əmlak agentliklərinin şüşələrini sındırmağa, ofis mebellərini küçəyə çıxararaq yandırmağa başlayıblar.

xxx

19:00

Fransanın paytaxtı Parisdə aksiya keçirilir.

"Unikal" RİA Novosti"yə istinadən xəbər verir ki, Paris polisi 1 may nümayişində etirazçı kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Beynəlxalq Zəhmətkeşlər Günündə ənənəvi 1 May yürüşü keçirilib. Qara blok hərəkatının radikalları yürüşə qoşulana qədər aksiya dinc xarakter daşıyıb. Onlar zibil qutularını yandırmağa, metal hasarları sökməyə, daş və butulka ataraq polisi təxribata çəkməyə başlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tədbir görməyə məcbur olub və gözyaşardıcı qazdan istifadə ediblər. Buna cavab olaraq radikallar polis əməkdaşlarına qaz bombaları atmağa başlayıblar.

Asayişə riayət olunmasına 1 500 polis nəzarət edir.

Ağarza Eçinoğlu