Danimarkalı uşaqlara İslamı öyrədəcəklər
Danimarkalı uşaqlara İslamı öyrədəcəklər

Kopenhagenin orta məktəblərində din dərslərinin sırasına İslam da əlavə olundu

Danimarka hökumətinin son qərarına görə, bundan sonra orta məktəblərdə şagirdlərə yalnız xristianlıq yox, İslam haqqında da bilgilər veriləcək.
"The Copenhagen Post" yazır ki, yerli parlamentin təsdiqlədiyi sənədə əsasən, uşaqlara artıq ibtidai siniflərdən başlayaraq din tədris ediləcək. Danimarka Ruhanilər Assosiasiyasının başçısı Per Bucholdt Andreasen bu addımı hökumətin "müdrik qərarı" kimi qiymətləndirib: "İbtidai sinif şagirdlərinə dinin tədris olunması tamamilə normal haldır. Çünki indi Danimarka əhalisinin ən böyük problemlərindən biri də dini savadsızlıqdır. Biz özümüzü elə göstərə bilmərik ki, guya xristianlıqdan başqa din yoxdur".
Hələlik təhsil sahəsindəki bu yeniliyi yalnız Kopenhagenin məktəbləri qəbul edib. Amma məmurlar gələcəkdə digər şəhər məktəblərinin də İslamın tədrisinə razılıq verəcəyini düşünürlər.
Təhsil Nazirliyi bu dəyişikliyi təsdiqləsə də, Danimarkanın Xalq Partiyası qərardan narazılığını bildirib. Partiya nümayəndələri deyiblər ki, bu qərarla təhsil sistemi çox təhlükəli bir yola çıxmış olur və tədricən digər dinlər xristianlığın tədrisini əvəz edə bilər.