Partiya sədri: "Ümumdünya Erməni Forumu "Eurovision-2012" müsabiqəsini gözdən salmaq üçün təbliğat aparmaq barədə qərar qəbul edib"
Partiya sədri: "Ümumdünya Erməni Forumu "Eurovision-2012" müsabiqəsini gözdən salmaq üçün təbliğat aparmaq barədə qərar qəbul edib"

""Eurovision-2012" yarışması ilə bağlı aparılan kampaniya anti-Azərbaycan dairələri tərəfindən həyata keçirilir. Bu, Avropa ailəsinin ənənəvi musiqi yarışmasıdır və Avropa Yayım Birliyi kimi nüfuzlu qurumun təşkilatçılığı ilə həyata keçirilir". Bunu Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

E. Musayev bildirib ki, Azərbaycana qarşı kampaniya aparmaq istəyənlər yarışmanı "fürsət" kimi dəyərləndirib: "Yaranmış fürsətdən istifadə edərək öz iqtisadi və siyasi maraqlarını təmin etməyə çalışanları görürük. Mətbuatda da yazılıb ki, Ümumdünya Erməni Forumu Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsini gözdən salmaq, Azərbaycana qarşı geniş kampaniya təşkil etmək barədə qərar qəbul edib. Əslində Qərb mediasında başlayan kampaniya da bu qərarın icrası istiqamətində atılan addımlardan biridir".
Partiya sədri bəzi müxalifət partiyalarını da ittiham edib: "Onlar "Evrovision"dan yararlanmağa və açıq şantaj vasitəsilə öz qeyri-qanuni tələblərini reallaşdırmağa çalışırlar. Bu gün Qərbin müəyyən anti-Azərbaycan dairələrinin, erməni lobbisinin və radikal müxalifətin mövqeləri bir-birini tamamlayır və üst-üstə düşür".
E. Musayev bir müddət əvvəl "Amnesty İnternational" təşkilatının Azərbaycanda keçiriləcək "Eurovision" müsabiqəsini boykot etməyə çağırması barədə informasiyaları təkzib etdiyini də xatırladıb: "O açıqlamada bu təşkilatın rəsmisi Azərbaycanda yarışmanın təşkil edilməsini təqdirəlayiq hadisə adlandırmışdı. İndi nə baş verdi ki, "Amnesty İnternational" yenidən sosial şəbəkələrdə kampaniya təşkil etmək niyyətinə düşdü? Görünür, bu təşkilata təsir imkanı olanlar onu da Azərbaycana qarşı kampaniyaya qoşa bildilər. Bu isə həmin təşkilatın müstəqil olmadığını göstərir".