Lavrov: "Bu, Azərbaycan və Ermənistanın arzusundan asılıdır"
Lavrov: "Bu, Azərbaycan və Ermənistanın arzusundan asılıdır"

"ATƏT-in Minsk qrupunun həmsədrlərindən birinin əvəzlənə bilər"

ATƏT-in Minsk qrupunun həmsədrlərindən birinin əvəzlənməsi Azərbaycan və Ermənistanın arzusundan asılıdır. Bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov Bakıda Moskva Dövlət Universitetinin filialının tələbələri qarşısında çıxış edərək bəyan edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT Minsk qrupu tərkibində Fransanın Avropa İttifaqı ilə əvəzlənməsinin mümkünlüyü barədə sualı şərh edərək, S.Lavrov qeyd edib ki, Minsk qrupunun hər namizədi Fransa daxil olmaqla, Azərbaycan və Ermənistanla razılaşdırılıb. Fransa "sonradan avropalıların münaqişənin nizamlanmasında iştirak etmək arzusunda olduqlarına görə RF və ABŞ-a qoşulub".
"Əgər hər hansı səbəblərdən namizədlərdən biri münaqişə tərəfini razı salmırsa, o zaman bu məsələni müzakirə etməkdə haqlıdır", - deyə S.Lavrov bildirib.
Xəbər verildiyi kimi, Avropa Parlamentinin (AP) Xarici Münasibətlər üzrə Komissiyası ATƏT-in Minsk qrupunda Fransanı Avropa İttifaqı ilə əvəzləməyi təklif edib.
Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə axşamı Bakıda qeyd edib ki, Aİ ATƏT-in Minsk Qrupunda Fransanı əvəz etmək niyyətində deyil.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.