"Xəzər" TV deputata cavab verdi
"Xəzər" TV deputata cavab verdi
Qulu Məhərrəmli: "Biz "Ay Zaur"
proqramının efir vaxtının məhz həmin günə düşməsindən təəssüflənirik"

"Milli-mənəvi dəyərlərin qorunması "Xəzər" TV üçün ciddi meyardır". Bu sözləri "Xəzər" Teleradio Verilişləri Şirkətinin baş məsləhətçisi, professor Qulu Məhərrəmli "Azərbaycan" qəzetində həmin televiziyanın 31 mart günü efirə getmiş musiqi proqramı ilə bağlı tənqidı yazısına münasibət bildirərkən deyib.
Q.Məhərrəmli açıqlamasında bildirib: "Biz məqalənin müəllifi, dostumuz və həmkarımız Bəxtiyar Sadıqovun fikirlərinə hörmətlə yanaşır, yazıda adı çəkilən proqramın efir vaxtının məhz həmin günə düşməsindən təəssüflənirik. Lakin bu məqam heç bir halda "Xəzər" televiziyası kimi əxlaq və mənəviyyata ciddi önəm verən bir media qurumunu dəyərlərə sayğısızlıqda ittiham etməyə əsas vermir".
"Milli-mənəvi dəyərlərin qorunması Xəzər TV üçün ciddi meyardır və bizim yayım siyasətimiz əxlaqi prinsiplərə söykənir"-deyən Q. Məhərrəmli "təxminən bir ay əvvəl İstanbulun Taksim meydanında keçirilən "Xocalıya ədalət" mitinqini canlı yayımlayan, məhdud imkanlarına baxmayaraq, ötən ilin bu günü Quba məzarlığından efirə canlı çıxan, bu ilin 31 mart günü tarixi faciə ilə bağlı 9 saata yaxın müxtəlif biçimli proqramlar hazırlayan, verilişlərində çoxsaylı çıxışlar səsləndirən, orijinal faktlar təqdim edən bir telekanalı dəyərlərə hörmətsizlikdə günahlandırmaq, məncə, ədalətsizlik olardı. Tariximizin həssas günlərində bizim davranışımız tamaşaçılara yaxşı bəllidir".
Q.Məhərrəmli bir məsələyə də diqqəti cəlb edib, deyib ki, 20 Yanvar hüzn günü və 26 fevral Xocalı soyqırımı günündən fərqli olaraq, 31 martla bağlı cəmiyyətdə hələlik ictimai davranış qaydaları möhkəmlənməyib. "Bu, matəm günüdür, yoxsa tarixi yaddaş? Həmin gün qəzetlər qara çıxmalı, teleradiolar, saytlar, şadlıq evləri, iaşə müəssisələri adi ritmdə çalışmalıdlır, yoxsa nəsə fərqlənməlidir? Məsələn, Türkiyədə Çanaqqala günü qeyd olunur, şəhidlər yad edilir, TV-lər bu tarixi faciəni xəbər proqramlarında qabardır, amma yayım cədvəli dəyişdirilmir, Qurtuluş savaşı günündə də eyni tərz nümayiş etdirilir. Məncə, bizdə də bununla bağlı müəyyən kodeksin hazırlanması məqsədəuyğun olardı".
Qeyd edək ki, bir müddət öncə "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov 31 mart soyqırımı günü yerli kanallarda əyləncəli-şou verilişlərinin yayımlanmasını mənəvi dəyərlərimizə zidd sayaraq, xüsusiilə "Xəzər" televiziyasında yayımlanan "Ay Zaur" verilişinin bağlanmasını və kanal rəhbərliyinin Azərbaycan xalqından üzr istəməsinin vacibliyini bildirib.