Nuşirəvan Məmmədovun qonşusu İslam Nəsirov: “Artıq-əskik danışsanız, sizi ailəlikcə “Kamaz”ın altına qoyub məhv edərəm, qanınızı da batıraram”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən günlərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilmiş müşavirədə hökumət məmurlarının ünvanına səsləndirdiyi tənqidi çıxış sıravi vətəndaşları hərəkətə gətirib və redaksiyamıza daxil olan sosial məzmunlu şikayətlərin, redaksiyamızı ziyarət edən şikayətçilərin sayı artmaqdadır.

Maraqlıdır ki, redaksiyamıza gələn şikayət məktublarının əksəriyyəti Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov barədədir.

Qəzetimizin keçən saylarında bu rayonla bağlı materiallar dərc etmişdik və Ağcabədi şəhər sakini Məmmədov Nuşirəvan Məhərrəm oğlunun bizə təqdim etdiyi şikayət ərizəsi “Ağcabədi serialı”nı davam etdirir.

Nuşirəvan Məmmədovun yazdığına görə, 1984-cü ildə rayonun Üzeyir Hacıbəyov adına kolxozun ümumi iclasının qərarına əsasən ona həyətyanı torpaq sahəsi verilib. Lakin Moskvada yaşayan və eyni zamanda Nuşirəvan Məmmədova məxsus evin yanındakı evi satın almış Nəsirov Yaşar Səfər oğlu Nuşirəvan Məmmədova məxsus yolun iki metr hissəsini torpaq sahibinin razılığı olmadan zəbt edib.

Nuşirəvan Məmmədov bildirir ki, “Yaşar Nəsirov əvvəlcə mənə dedi ki, yolun bu hissəsindən mənə iki metr torpaq ver. Mən onun xahişini rədd edəndə bildirdi ki, “Xoşluqla verməsən, zorla alacağam”.

Və Yaşar Nəsirov dediyini edib: Nuşirəvan Məmmədova məxsus torpaq sahəsini zorla zəbt edib.

Belə ki Yaşar Nəsirovun qardaşı İman Nəsirov Nuşirəvan Məmmədova bildirib ki, “İndiki zəmanə pul zəmanəsidir. Puldan basıb sənin canını alıb gözün baxa-baxa darvazanı sökdürüb harada istəsəm, oradan da qoyduracağam. Artıq-əskik danışsanız, sizi ailəlikcə “Kamaz”ın altına qoyub məhv edərəm, qanınızı da batıraram.”

Nuşirəvan Məmmədov özünün mülkiyyət hüquqlarını bərpa etmək üçün Ağcabədi rayon məhkəməsində iddia qaldırıb, lakin rayon məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlu hansısa maraqlar üzündən Yaşar Nəsirovun xeyrinə qərar qəbul edib.

Nuşirəvan Məmmədov bildirir ki, sözügedən torpağın ona və ailəsinə məxsus olması barədə müvafiq xəritələr və sənədlər mövcud olsa da, rayon məhkəməsinin hakimi Zamin İbrahimov bu sənədlərin hamısını gözardı edib və necə deyərlər, kefi istədiyi şəkildə qərar çıxardıb.

Nuşirəvan Məmmədov deyir ki, “Ağcabədi şəhərinin Üzeyir Hacıbəyov küçəsindəki 224 saylı şəxsi yaşayış binası və həyətyanı sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 515 saylı qeydiyyatındadır, həmin sənəddə göstərilir ki, bu ərazi mənə məxsusdur. Amma hakim İbrahimov Zamin məhkəməyə təqdim etdiyim bu sənədə də əhəmiyyət vermədi”.

Rayon məhkəməsinin qərarından sonra icra məmuru Gəray Alıyev və bir dəstə polis kran, buldozer, təcili yardım və yanğınsöndürən maşınlarla yaraqlanıb Nuşirəvan Məmmədovun darvazasını sökməyə gəliblər. Onun həyat yoldaşı Nazilə Əhmədova darvazanı sökməyə imkan vermədiyinə görə məmur Gəray Alıyev Nazilə Əhmədovanı burub bir kənara itələyib. Hadisə yerinə çağırılmış təcili yardım həkimi Nazilə Əhmədovaya dörd iynə vurub. Müayinədən sonra məlum olub ki, Nazilə Əhmədovanın dili qatlanıb və o, qıcolma vəziyyətinə düşüb.

Nuşirəvan Məmmədov bu torpağın ona məxsus olmasını təsdiqləyən sənədləri İslam Nəsirova göstərəndə İslam Nəsirov hamının gözü qabağında ona yumruq atıb.

Bu dartışmanın axırı bununla nəticələnib ki, Nazilə Əhmədovanı təcili şəkildə xəstəxanaya götürüblər. Nuşirəvan Məmmədov axşam xəstəxanadan evə qayıdanda görüb ki, onun darvazasını söküblər, həyətdən bir dirək və 48 çolpa yox olub...

Rayondan əli üzülən Nuşirəvan Məmmədov üz tutub Şirvan Apellyasiya Məhkəməsinə. Şirvan Apellyasiya Məhkəməsi Ağcabədi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

N.Məmmədov bu dəfə Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət edib. Ali Məhkəmə də onun mülkiyyət hüquqlarını bərpa etməyib və hətta Ali Məhkəmənin sədri Ramiz Rızayev çox kobud şəkildə onun üstünə qışqırıb.

İndi Nuşirəvan Məhərrəmov Ali Məhkəmənin plenumuna şikayət etməyi düşünür...

Nəticəsi olacaqmı? (“Unikal” qəzeti)