İran-Azərbaycan-Türkiyə gərginliyi
İran-Azərbaycan-Türkiyə gərginliyi

İtirən isə İran olacaq

Türkiyə-İran münasibətləri Azərbaycan-İran münasibətləri ssenarisi ilə inkişaf etməkdədir. Belə ki son bir il ərzində İran rəsmiləri dəfələrlə Azərbaycanı müxtəlif məsələlərdə ittiham etməkdə, hətta terror aksiyaları ilə hədələməkdədirlər. Hər dəfə belə gərginliklər yaşanandan sonra Azərbaycan son ana qədər səbr nümayiş etdirərək İrana loyallıq nümayiş etdirirdi. Bunun üçün dəfələrlə İran rəsmiləri ilə görüşlər keçirilir, qarşılıqlı razılaşmalar əldə edilirdi. Amma görüşdən dərhal sonra yenə də eyni ittihamlar səslənməyə başlayırdı.

Sonuncu dəfə Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin Naxçıvan görüşündən sonra da eyni proseslər təkrarlandı. Amma bu dəfə Azərbaycan tərəfi İrana loyal yanaşmadan imtina edərək İran kəşfiyyatının böyük bir şəbəkəsini ifşa etməklə layiqli cavab verdi.
Hazırda isə Türkiyə eyni halla rastlaşıb. Bu günlərdə İrana səfər edən Türkiyənin baş naziri İrana xoş olan açıqlamalarla çıxış etdi və Türkiyə-İran arasında iqtisadi əlaqələri artıracağını bildirdi.
İranın iqtisadi sanksiyalara məruz qaldığı bir zamanda Türkiyə baş nazirinin belə bir addım atması əslində İranın maraqlarına cavab verirdi. Amma İran tərəfindən buna cavab verildi. Aprelin 2-də deputatlar qarşısında çıxış edən İran parlamentinin sədri Əli Laricani Suriya mövzusu ilə bağlı İstanbul konfransından danışıb: "İstanbulda "Suriyanın dostları" adı ilə keçirilən konfrans əslində İsrailə rüşvət verənlərin konfransıdır. Bu konfransa qatılan ölkələrin nümayəndələrindən soruşmaq lazımdır ki, bölgədə demokratiyanın vəziyyətindən və təhlükəyə düşməsindən narahatsınızsa, nəyə görə Bəhreyndəki vəhşi diktatorluğun və digər ölkələrdəki diktatorların qarşısında susur, sakit durursunuz?"
Bundan sonra isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayi jurnalistlərə açıqlamasında Qərblə növbəti nüvə danışıqlarının Türkiyədə yox, başqa bir ölkədə keçirilməsini təklif edib: "Türkiyəli dostların əldə etdiyimiz bir sıra razılaşmalara, verdikləri vədlərə sadiq qalmadığını nəzərə alaraq 5+1 qrupu ilə danışıqların başqa bir dost ölkədə keçirilməsi yaxşı olar. Türkiyəyə inanmaq olmaz".
Həmin gün İraqın xarici işlər naziri Huşyar Zibari jurnalistlərə açıqlamasında İranın 5+1 qrupu ilə (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) növbəti nüvə danışıqlarının İstanbulda deyil, Bağdadda keçirilməsi təklifi ilə İraq hökumətinə rəsmi müraciət etdiyini bildirib.
Aprelin 4-də jurnalistlərə açıqlama verən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu isə İranın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırdıqlarını bildirib.
Əhməd Davudoğlu deyib ki, İran səfiri bəzi iranlı rəsmilərin İstanbulda keçirilən "Suriyanın dostları" konfransına qarşı sərt bəyanatları haqqında izahat üçün çağırılıb: "Biz bu gün İran səfirini çağırıb bəzi iranlı rəsmilərin bu bəyanatları haqqında izahat verməsini tələb etdik. Mən iranlı həmkarım Əli Əkbər Salehiyə də zəng vurub Ankaranın bu hərəkətdən narahat olduğunu və bu kimi bəyanatların iki ölkənin dərin münasibətlərinə zidd olduğunu bildirmişəm. O isə bildirib ki, bu bəyanatlar rəsmi Tehranın mövqeyi deyil".
Beləliklə aydın olan budur ki, İran tutduğu mövqedən çəkilmək niyyətində deyil və Azərbaycanla, Türkiyəyə qarşı barışmaz mövqedə qalacaq. Bundan itirən isə, sözsüz ki, İran olacaq.

Toğrul Əliyev