Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının lideri vəzifəsini tərk edir.

"Unikal" xəbər verir ki, o, bu barədə cümə axşamı qanunverici orqanın aşağı palatasının iclasındakı çıxışında bildirib.

"Yanvarda baş tutacaq Konqresdə Demokratlar Partiyasının lideri kimi yenidən seçilmək istəmirəm. Mənim üçün çox hörmət etdiyim Demokratik qrupa yeni nəslin rəhbərlik etməsinin vaxtı çatıb. Minnətdaram, çünki çoxları bu böyük məsuliyyəti öz çiyninə götürməyə hazırdır" deyə  Pelosi bildirib. 

Buna baxmayaraq, o, təqaüdə çıxmır, ancaq Konqresin aşağı palatasında işləməyə davam edəcək.

Hazırkı Konqresdə Pelosi Nümayəndələr Palatasının spikeri vəzifəsini tutur. Bununla belə, noyabrın 8-də keçirilən aralıq seçkilərdə Demokratlar Nümayəndələr Palatasında çoxluğu itirərək, ona nəzarət Respublikaçılar Partiyasına keçir. Bu baxımdan Konqresin aşağı palatasının növbəti spikeri respublikaçı olacaq. Gözlənildiyi kimi, bu vəzifəni tezliklə Nümayəndələr Palatasının respublikaçı azlığının lideri olmuş Kevin Makkarti tutacaq.