Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının liderləri Amerikaya gedir?
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının liderləri Amerikaya gedir?

Araz Əlizadə: "Yəqin ki,
onlar Rəsul Quliyevdən
para almağa gedirlər"

Yayılmış məlumatlara görə, son aylarda formalaşmış Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının liderləri (bu quruma KXCP, Aydınlar, Açıq Cəmiyyət, Liberal-Demokrat və Azadlıq partiyaları daxildir) yaxın zamanlarda Amerika Birləşmiş Ştatlarına səfər edə bilər.
Hərəkatın İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib ki, "İdarə Heyəti üzvləri arasında ABŞ-a getməyə hələlik yalnız Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev razılıq verib. Digərləri hələlik mövqelərini dəqiqləşdirməyiblər. Bəziləri isə getmək niyyətində olmadıqlarını söyləyiblər".
Lakin Əhməd bəyin sözlərinə görə, "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı İdarə Heyəti üzvlərinin Amerika səfəri baş tutmaya bilər. Ola bilər ki, ABŞ-da keçirilməsi gözlənilən görüşlərdə Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev hərəkatı tək təmsil etsin"
Partiya sədrinin dediyinə əsasən, "Əgər səfər həyata keçirilərsə, İdarə Heyəti üzvlərinin ABŞ-da müxtəlif təyinatlı görüşləri planlaşdırılır. ABŞ Konqresinin komissiyalarının birində Azərbaycanla bağlı dinləmələrin keçirilməsi də nəzərdə tutulub. Məqsədimiz 2013-cü ildə Azərbaycanda keçiriləcək seçkilərə qədər olan müddətdə ölkədə demokratik seçki qanunvericiliyinin tətbiqinə dəstəyi gücləndirməkdir".
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin sözlərinə görə, "Hazırda Azərbaycan dünyada analoqu olmayan azad bir ölkədir və hər kəs istədiyi ölkəyə istədiyi pulla gedə də bilər və yenidən dünyada analoqu olmayan vətənimizə istədiyi pulla da qayıda bilər. Bu səfər onların şəxsi işidir və istədikəri kim də edə bilərlər. Hesab etmirəm ki, onlar Amerika səfərindən sonra siyasi baxımdan daha da ağıllanacaqlar, intellektual və siyasi-diplomatik səviyyələri yüksələcək. Çünki tökməklə dolmaz, gərək quyunun özündə də nəsə ola. Amma özündə "nəsə olan" uzaq-uzaq ölkələrə səfərə çıxmaz, gücünü, enerjisini buradakı problemlərə sərf edər".
Tanınmış sosdem lideri sözünün sonunda bildirdi ki, "Hər halda gələn il Azərbaycanda prezident seçkiləri keçirilməlidir və müxalifət partiyaları da elə ölkənin günündədir, yəni maddi cəhətdən çox yoxsuldurlar. Buna görə də ehtimal edirəm ki, bu partiyaların liderləri Rəsul Quliyevdən para almağa gedirlər".
Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın sözlərinə görə, "Siyasi partiya rəhbərlərinin bu və ya başqa ölkələrə səfər etmək niyyətində ekstravaqant nəsə axtarmaq düzgün deyil. Dünya praktikasında bu, normal iş qaydası hesab edilir. Və bu səfər baş tutarsa, ondan sonra keçirilmiş görüşlərin nəticələri barədə nəsə bir fikir söyləmək mümkündür. Fikrimcə, bu səfər ona görə Birləşmiş Ştatlara planlaşdırılıb ki, sözügerdəön hərəkatın əsas liderlərindən biri, yəni Açıq Cəmiyyət Partiyasının sədri hazırda Amerikada yaşayır".

Cavad