“İndiki halda Azərbaycan müxalifəti ağır vəziyyətdədir”


Sülhədddin Əkbər: “Rusiya Azərbaycanda hakimiyyətin dəyişilməsində maraqlı deyil”

“İranda sabitliyin pozulması, İranın müharibəyə sürüklənməsi, Suriyadakı kimi vətəndaş müharibəsinin başlanması Azərbaycan cəmiyyəti və dövləti üçün maraqlı deyil”

Son günlərdə ölkədə və bölgədə baş verən siyasi proseslərlə bağlı suallarımızı Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər cavablandırır.

-Sülhəddin bəy, Azərbaycana Rusiya təhlükəsi gündəmdən düşmür və ekspertlər ən müxtəlif versiyalar irəli sürməkdədirlər. Bu təhlükə nə dərəcədə realdır?

-Rusiya-Azərbaycan münasibətlərində gərginliyin yaranması danılması qeyri-mümkün olan bir gerçəklikdir və hər gün bu gərginliyin yeni çalarları üzə çıxmaqdadır. Rusiyanın özündə də, Azərbaycanda da cəmiyyətdə və kütləvi informasiya vasitələrində bu mövzu ciddi şəkildə müzakirə edilir. Rusiyanın Azərbaycandan və o cümlədən, Azərbaycan hakimiyyətindən narazılıqları var və hiss olunur ki, 2013-cü ildə bu narazılıqlar daha da çoxalacaq. Hesab edirəm ki, bu narazılıqların yaranması birtərəflidir, yəni Rusiya tərəfdən irəli gəlir və perspektivdə də onun azalacağı görünmür.

-Rusiyanın Azərbaycanda hakimiyyəti dinc və yaxud qeyri-dinc yolla götürmək imkanları varmı?

-İndiki halda düşünmürəm ki, Rusiya Azərbaycanda hakimiyyət dəyişikliyinə can atır. Rusiya Azərbaycanda hakimiyyətin dəyişilməsində maraqlı deyil. Çünki Rusiyanın hazırda istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda elə bir potensial namizədi yoxdur ki, onu Azərbaycanda hakimiyyətə gətirə bilsin. Bundan daha vacibi isə hakimiyyətə gətiriləcək adamın lazım olan müddətdə hakimiyyətdə saxlanması məsələsidir. Rusiyanın bu qarantı da yoxdur.

-Ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində ümumən cəmiyyətin və Azərbaycan müxalifətinin potensialı indiki məqamda necə görünür?

-Ümumən götürdükdə potensial var və bu potensialı müsbət qiymətləndirirəm. Azərbaycanın daxilində və Azərbaycanın ətrafında cərəyan edən proseslər bu potensialı gerçəkləşdirməyə imkan verə bilər. Amma yenə də təkrar edirəm, bu gizli, yəni potensial formadadır və bunu gerçəkliyə çevirmək üçün möhkəm və ciddi şəkildə işləmək lazımdır. Ortalıqda olan qüvvəni isə yetərsiz hesab edirəm. Bunu açıq demək lazımdır. İndiki halda Azərbaycan müxalifəti ağır vəziyyətdədir, onun resursları pərakəndə durumdadır. Azərbaycan cəmiyyətinin narazılıqlarını təşkil olunmuş formada ifadə etmək və ortalığa siyasi iradə qoymaq imkanında deyil. Əgər yaxın aylarda Azərbaycan müxalifəti öz üzərinə düşən vəzifələri yerinə yetirə bilməsə, Azərbaycanın daxilində müşahidə etdiyimiz inkişaf fərqli istiqamətdə gedə bilər. Ya indiki hakimiyyət öz mövqelərini daha da möhkəmləndirəcək, ya da bu baş verməsə, maraqlı xarici dairələrin təsiri ilə ölkədə xoşagəlməz gərginliklər yaşana bilər.

-Hazırda Azərbaycanın xarici ölkələrdə 200-dən çox diaspora təşkilatı fəaliyyət göstərir. Xaricdə gerçəkləşdirmək istədiyimiz maraqlarımız baxımından bu qurumların fəaliyyəti nə dərəcədə effektlidir?

-Azərbaycanın daxili və xarici siyasəti nə dərəcədə effektlidirsə, daha doğrusu, effektsizdirsə, diaspora siyasətimiz də o dərəcədə effektsizdir. Demək istəyirəm ki, bu şəbəkənin də fəaliyyəti düzgün qurulmayıb. Yəni Azərbaycan diasporasının təşkilatlanmasında ciddi yanlışlıqlara, təhriflərə yol verilib. Təəssüf ki, diasporanın fəaliyyəti dövlətin deyil, iqtidarın maraqlarına uyğun şəkildə təşkil edilir. Ona görə də hökumətin maraqlarına cavab verməyən kəslərin fəaliyyəti bu diaspora strukturlarından kənarda qalır. Yəni diasporanın fəaliyyətinin daha effektiv olması üçün bu qurum milli maraqlara uyğun şəkildə qurulmalıdır və hakimiyyətə münasibətindən asılı olmayaraq Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızın potensialından istifadə olunmalıdır. Amma çox təəssüf ki, ölkənin daxilində müxalif düşüncəyə yanaşma necədirsə, xaricdəki fəal soydaşlarımıza yanaşmada da eyni prinsiplər əsas götürülür. Bu da artıq öz bəhrəsini verməkdədir. Azərbaycan diasporası heç cür təşkil edilə bilmir və onun fəaliyyəti də istədiyimiz səviyyədə deyil.

-Siz ixtisasca həkimsiniz. Son günlər ölkə mediasında ölkəyə gətirilən dərmanların keyfiyyətsizliyi və hətta sağlamlığa ziyanlı olması barədə çox yazılır...

-Azərbaycanda tibbi təhlükəsizlik problemləri var, həm də kifayət qədər ciddi formada... Bu problemlərdən biri də dərman preparatları ilə bağlıdır. Dərman preparatlarının təhlükəli şəkildə alıcılara təqdim edilməsi ölkədəki korrupsiyanın durumu ilə əlaqəlidir. Azərbaycanın idxal etdiyi dərman vasitələri laborator nəzarətdən ya keçirilmir, ya da bu yoxlamalar çox səthi şəkildə həyata keçirilir. Çox təəssüf ki, yediyimiz qidaların keyfiyyəti Azərbaycanın dərman bazarında olan vəziyyətdən heç də fərqlənmir və eyni durum qida bazarında da mövcuddur.

-Siz mənim növbəti sualımı qabaqladınız və dediniz ki, qida bazarında da durum eynidir...

-Azərbaycanda ümumiyyətlə təhlükəsizlik məsələlərində çox ciddi problemlər var və bunların aradan qaldırılması üçün optimal addımlar atılmır, tam bir hərc-mərclik hökm sürür. Hətta daxili istehsal sahəsində də monopoliyanın olması, ərzaq məhsullarının istehsalının böyük bir hissəsinin bir əldə cəmlənməsi, eyni zamanda ölkəyə idxal olunan ərzaqların üzərində monopoliyanın mövcudluğu, idxal məhsullarına dövlət nəzarətinin istənilən səviyyədə həyata keçirilməməsi bu sahədə də çox acınacaqlı bir durum yaradıb. Ona görə də ölkədə tez-tez keyfiyyətsiz qidadan zəhərlənmə faktları qeydə alınır, xarakterik xəstəliklərin yayılması hallarına rast gəlinir.

-Son zamanlar Güney Azərbaycan məsələsi dünya mediasında tez-tez hallandırılır. Bu aktuallaşma hansı dairələrin marağı daxilindədir?

-Bu məsələnin həm pozitiv, həm də neqativ tərəfləri var. Güney Azərbaycanda milli düşüncə tərzinə malik olan, milli azadlıq tələb edən qüvvələr, müəyyən dairələr var və onlar bu istiqamətdə fəaliyyət göstərirlər. Eyni zamanda İranda sabitliyi pozmaqda maraqlı olan xarici qüvvələr də var və onlar İranın daxilində münaqişələr yaratmaq üçün bütün amillərdən yararlanmağa çalışırlar. Bu amillərdən ən sərfəlisi etnik məsələdir. Çox təəssüf ki, İranda yaşayan Azərbaycan türklərinin çox ciddi milli problemləri olduğundan bu müdaxilə üçün əlverişli zəmin yaranıb. Bununla belə, bu məsələnin perspektivi İranda yaşayan soydaşlarımızdan və İranda davam etməkdə olan mürəkkəb proseslərin hansı istiqamətə getməsindən asılı olacaq. Biz isə İranda gedən proseslərin demokratik məcraya yönəlməsində maraqlı olmalıyıq. Əgər İrandakı proseslər demokartikləşmə istiqamətində gedərsə, o zaman oradakı Azərbaycan türklərinin də maraqları daha effektli şəkildə təmin ediləcək. İranda sabitliyin pozulması, İranın müharibəyə sürüklənməsi, Suriyadakı kimi vətəndaş müharibəsinin başlanması Azərbaycan cəmiyyəti və dövləti üçün maraqlı deyil.

Söhbətləşdi: Savalan