Türkiyədə baş verən zəlzələlər  ölkə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10%-i həcmində ziyan vurub.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg agentliyi Sahibkarlar Konfederasiyasının və respublikanın işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadən məlumat yayıb.

Biznes qrupunun məlumatına görə, Türkiyədə yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Zəlzələlərin nəticələri həm də ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına, əmək itkiləri isə Türkiyə iqtisadiyyatına 2,9 milyard dollar ziyan vuracaq.

Bloomberg materialı qeyd edir ki, konfederasiyanın təxminləri digər iqtisadçılarınkından daha yüksəkdir. Bir çox ekspertlər də razılaşırlar ki, indi fəlakətin son nəticələri barədə danışmaq tezdir.

Fevralın 8-də NTV-nin Türkiyə nəşri xəbər verib ki, Türkiyə birjası dağıdıcı zəlzələlərdən sonra türk şirkətlərinin səhmlərinin çaxnaşmaya məruz qalmaması üçün son 24 ildə ilk dəfə olaraq fevralın 14-ü axşama qədər ticarəti dayandırıb .

Fevralın 6-da Türkiyədə bir neçə dağıdıcı zəlzələ, ardınca isə 1891 afterşok baş verib  .