Fransanın paytaxtında pensiya islahatlarına qarşı etirazçılar ölkə prezidenti Emmanuel Makronun ziyarət etməyi sevdiyi məşhur “La Rotonde” restoranına hücum ediblər.

"Unikal" xəbər verir ki, nümayişçilər obyektin fasadını yandırıblar.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının binaya keçməsinin qarşısını alıblar. Onlar tez bir zamanda yanğını söndürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçı kütləni müəssisədən uzaqlaşdırıblar. Buna cavab olaraq nümayişçilər təhlükəsizlik qüvvələrinə şüşə və daş atıblar.

Bildirilir ki, Makron 2017-ci ildə keçirilən prezident seçkilərinin ikinci turuna keçidi bu restoranda qeyd edib. Daha sonra dövlət başçısı eyni məkanda bir neçə dəfə görülüb.

Xatırladaq ki, cümə axşamı Fransanın bir sıra şəhərlərinin sakinləri yenidən pensiya islahatının qəbul edilməsinə qarşı etiraz ediblər. Paris, Nant, Marsel, Lion, Nitsa və digər şəhərlərdə minlərlə insanın iştirakı ilə nümayiş keçirilib. Nümayişlər iğtişaşlarla müşayiət olunub. Yaralanan və saxlanılanlar var.