Ordudakı savaşdankənar ölümlər gündəmdən düşmür

“Orduda, onun idarəolunmasında ciddi islahatlara ehtiyac duyulur”

Cəsur Sümərinli: “Səfər Əbiyevin sonu çatır”

Artıq bir neçə aydır ki, Azərbaycan Ordusunda savaşdankənar əsgər ölümlərinin tez-tez baş verməsi gündəmdən düşmür. Siyasətçilər, millət vəkilləri, ziyalılar, sıravi vətəndaşlar bu faciələrin qarşısının alınması üçün müxtəlif təkliflər və iradlar irəli sürsələr də, Müdafiə Nazirliyi hələ də susur.

Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması Azərbaycan ordusunda qeyri-döyüş şəraitində baş verən əskər ölümləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, son dövrlər Azərbaycan ordusunda qeyri-döyüş şəraitində baş verən əskər ölümü ilə bağlı hadisələr vətəndaş cəmiyyəti olaraq bizi dərindən narahat edir. Müharibə şəraitində olan Azərbaycanda ordunun maddi-texniki təchizatının artırılması, hərbi personalın maddi təminatının yüksəldilməsinə milyardlarla manat vəsait ayrılsa da, orduda rüşvətxorluq və korrupsiya hallarının geniş yayılması ilə bağlı məlumatlar bu sahədə görülən işlərin əhəmiyyətini azaldır. Bunun digər səbəbi isə milli orduda maliyyə şəffaflığı və hesabatlılığının aşağı olması, bu prosesdə ictimai iştirakçılığın təmin edilməməsidir”.

Ekspertlərin fikrincə, əsgər ölümlərinin bir çoxunun müəammalı şəkildə olması ilə bağlı şübhələr onu deməyə əsas verir ki, orduda peşəkar psixoloqların çalışmasına və bu istiqamətdə işlərin qurulmasına ciddi ehtiyac var. Hesab edilir ki, Milli Məclisdə ordu birləşmələrində hərbi psixoloqların fəaliyyətinin genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarının hazırlanması istiqamətində müvafiq işlər görülməlidir və orduda, onun idarə olunmasında ciddi islahatlara ehtiyac duyulur.

Müstəqil hərbi ekspert Cəsur Sümərinlinin “Unikal”a bildirdiyinə görə, “Azərbaycan Ordusunda bu qədər qeyri-döyüş vəziyyətində baş vermiş əsgər ölümlərinə baxmayarq Müdafiə Nazirliyinin rəhbərliyinin hələ də cəzalandırılmaması heyrət doğurur. Amma ölkə vətəndaşlarının, ziyalıların və QHT-lərin son aylardakı fəallığı və fəal vətəndaş mövqeyindən çıxış etmələri artıq yaxşı mənada öz bəhrəsini verməkdədir. Məndə olan məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi səviyyəsində ordu hissələrinin komandirlərinə qeyri-rəsmi şəkildə göstəriş verilib ki, sıravi əsgərlərə qarşı son dərəcə hörmətlə yanaşılsın və onların qayğısına qalınsın. Necə deyərlər, aşağıların hesabına ordudakı vəziyyət cüzi də olsa, dəyişilməyə başlayıb və artıq komandirlər tabeliklərində olan siravi əsgərlərə hörmətlə yanaşırlar. Mənə elə gəlir ki, bu hal Müdafiə Nazirliyi rəhbərlərinin öz postlarını itirmək qorxusu nəticəsində yaranıb. Bununla belə hesab etmirəm ki, müdafiə naziri Səfər Əbiyev öz kreslosunu qoruya biləcək. Onun sonu çatıb”.

Ekspertin sözlərinə görə, “General Səfər Əbiyev artıq 19 ilə yaxındır ki, müdafiə naziri kreslosuna yiyələnib və belə bir faktın müasir dünyada analoqu yoxdur. Mənə elə gəlir ki, ölkənin siyasi rəhbərliyi yaxın aylar ərzində onun barəsində qəti qərar qəbul edəcək. Ya prezident seçkilərindən əvvəl, ya da seçkilərdən sonra”.