Müsavatda

Martın 18-də Müsavat Partiyasının qərargahında Demokratiyaya Yardım Fondu İctimai Birliyinin təşkilatçılığı ilə geniş “10 qəpik” kampaniyası keçirdi.

Təşkilatçılardan Unikal.org-a verilən məlumata görə, ölkə boyunca başlayan bu “10 qəpik” kampaniyası son aksiyalar zamanı həbs olunaraq, məhkəmə tərəfindən fantastik məbləğdə cərimələnən fəalların cərimələrinin ödənilməsinə yönəldiləcək .

Müsavat Partiyasının konfrans zalında başlayan kampaniyaya müxalifətçilərlə yanaşı, ayrı-ayrı QHT rəhbərləri, hüquq müdafiəçiləri, siyasi partiyaların rayon təşkilatlarının sədrləri iştirak edərək topladıqları ianəyi yardım fonduna təqdim etdilər.
Kampaniyada iştirak edən İctimai Palata Koordinasiya Şurasının üzvü Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, saat 12-də başlayan kampaniyaya maraq həddindən artıq böyükdür: “Məqsədimiz Novruz bayramı ərəfəsində aksiyalarda iştirak etdiklərinə görə, fantastik miqdarda cərimələnən fəalların yükünü azaltmaq, onlara həm maddi, həm də mənəvi yardım etməkdir. Gənclər yaratdığı bu fond artıq bir neçə məkanda bu tipli kampaniyalar keçiriblər. Bu gün mən burada az yaşlı uşaqların valideynlərindən aldıqların cib xərcliklərini haqsız yerə cərimələnən fəallara bağışladığının şahidi oldum. Həmçinin ayı-ayrı partiyaların rayon təşkilatları öz aralarında müəyyən vəsait toplayaraq fonda təqdim etdilər”.
Qeyd edək ki, yardım aksiyasında Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ACP sədri Sülhəddin Əkbər və İsgəndər Həmidov iştirak etdilər.

Fonddan “Yeni Müsavat” a verilən məlumata görə, bir saat ərzində 883 manat ianə toplanıb. Kampaniya saat 15-ə kimi davam edəcək.

Qeyd edək i, bu ilin mart ayında müstəqil gənclər təşkilatlarının təsis etdiyi Demokratiyaya Yardım Fondu İctimai Birliyi bir neçə uğurlu və kütləvi kampaniya keçirib. “Əsgər Ölümlərinə son!”, “İsmayıllıya dəstək” aksiyalarında cərimələnən fəalların cərimələnin ödənilməsi məqsədi ilə keçirilən “5 qəpik” kampaniyasında minlərlə insan iştirak edib.