Bu gün Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçiriləcək.

"Unikal" xəbər verir ki, Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

Səsvermə Ankara vaxtı ilə saat 08:00-da başlayacaq və saat 17:00-dək davam edəcək. Yüksək Seçim Qurumunun (MSK) sədri Ahmet Yener ilkin nəticələrin həmin gün elan olunacağını bildirib.

Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Dördüncü namizəd - Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. Xatırladaq ki, 2018-ci ildə keçirilən öncəki seçkilərdə 52,6 faiz səslə Rəcəb Tayyib Ərdoğan qalib gəlmişdi.

Mayın 14-də, həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.