2018-ci ildə Muradiyə Quran və Əlyazmalar Muzeyinə hədiyyə edilən əsər Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən bərpa edilərək faksimilləşdirilib.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, məlum olub ki, bu əsər “Dədə Qorqud” dastanının Bursa versiyasıdır. 

Əsərin orijinalını muzeyə bağışlayan İbrahim Koca Bursadakı Kapalıçarşıda antikvar satıcısı işlədiyini və təxminən 42 ildir bu peşədə olduğunu bildirib.

Fadıllı kəndindən bir müəllimin ona vaxtaşırı əlyazma gətirdiyini bildirən Koca, “Dədə Qorqud” əsərinin tapılması hekayəsini belə danışıb. 

“Bu əsərlə gəldi. Mənə dedi ki, bu da “Dədə Qorqud”un hekayəsidir, çünki o, osmanlıca və ərəbcə bilirdi. Bursa Böyükşəhər Bələdiyyəsinin Muradiyədə əlyazmalar muzeyi açacağından xəbərdar idim və əlimdə xeyli əsər var idi. Onların arasında Qurani-Kərim əlyazmaları belə var idi. “Dədə Qorqud”un nüsxəsini verəndə onun nadir bir kitab olduğunu bilmirdim”.

Əsər muzeydə sərgilənərkən kolleksiyaçı Mehmet Yaylanın diqqətini çəkib. O, akademikləri də bu işə cəlb edərək əsərin faksimilləşdirilməsinə nail olub. 

İndiyədək Vatikan, Drezden və Ankara nüsxələri bilinən “Dədə Qorqud”un yeni versiyası üzərində türkoloqlar araşdırmalara başlayıblar. 

Bəzi başlıqlar qırmızı mürəkkəblə yazılıb, bəzi sətirlərdə isə əsərin sonunda qırmızı nöqtə var. 119 və ya 238 səhifəlik əsərdə mətnlərin ölçüsü 18x28 santimetr, mətnin həcmi isə 11,3- 20,3 santimetr.