Bakının mərkəzi rayonunda məmurların böyük rəzaləti


Onların heyvan sevgisi sakinlərin rahatlığını necə alt-üst edib?

Bəzi məmurların müxtəlif heyvan növlərinə olan marağı artıq cəmiyyətə də bəllidir. Bəziləri sürülərlə at, dəvə saxladığı halda, digərləri quş növləri, hətta vəhşi çöl heyvanları saxlamağa da üstünlük verirlər. Əslində məmurların heyvanlara olan sevgisi heç də mənfi hal deyil və müəyyən mənada təqdir edilməlidir. Ancaq təəssüflər olsun ki, bu sevgi bir çox hallarda insanların rahatlığının pozulmasına gətirib çıxarır, onlara problemlər yaradır.

Elə Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi bina 59-da yaşayan bir qrup sakinin də şikayəti də məhz bəzi məmurların heyvan sevgisinin onlar üçün problemlərə yol açması ilə bağlıdır (olaylar.az). Müraciət müəllifləri qeyd edirlər ki, məşhur Azərbaycan kinosu olan “Yol əhvalatı” filmindəki “tezik” illər sonra yenidən “peyda” olub. Sakinlər bildirilər ki, yaşadıqları binada qonşulardan birinin xeyli sayda it saxlaması onlar üçün ciddi bir problemə çevrilib. Şikayətdə deyilir ki, indiyə qədər bu narahatlığa görə müxtəlif instansiyalara, hətta hüquq-mühafizə orqanlarına müraciət etsələr də, problemin həlli istiqamətində heç bir tədbir görülməyib.

Müraciətdə qeyd olunur ki, sözügedən binanın 15-ci mənzilində yaşayan sakin evini sözün həqiqi mənasında heyvanxanaya çevirib. Həmin mənzildə xeyli sayda it saxlayan xanıma buna son qoymağı dəfələrlə xahiş etsələr də, tələb və müraciətlərə heç bir məhəl qoyulmayıb: “İllərdir ki, səs-küydən, üfunətdən evimizdə rahatlıq tapa bilmirik. Məsələ ondadır ki, bu adam heç heyvanların təmizliyinə və gigiyenik qaydalara da riayət etmir. Aidiyyatı orqanlara da dəfələrlə müraciət etmişik ki, gəlib bu mənzərəni öz gözləri ilə görsünlər. İtlərin üfunətli iyindən bloka belə daxil olmaq mümkün deyil. Qarşıdan isti günlər gəlir. İstilər düşən kimi nəinki bloka, ümumiyyətlə binaya yaxınlaşmaq mümkün olmur. Həftələr, hətta aylarla təmizlənməyən mənzil qonşular üçün cəhənnəm əzabına çevrilib”.

Sakinlər onu da qeyd edirlər ki, daha bir problem itlərin axşam saatlarında gəzintiyə çıxarılması zamanı uşaqlar üçün təhlükə yaratmalarıdır. Belə ki, axşamlar itləri gəzintiyə çıxaran xanım onların ağzına heç bir qoruyucu bağlamır: “Dəfələrlə Mənzil İstismar Sahəsinə, Nəsimi Rayon Polis İdarəsinə və Gigiyena və Epidemologiya Mərkəzinə müraciətlər etmişik. Yalnız bir dəfə polislər gələrək itləri mənzildən çıxarıb müvafiq instansiyalara təhvil vermək üçün aparmaq istəyiblər. Lakin son anda polislərə hansısa ünvandan gələn zəng nəticəsində məsələ yarımçıq qalıb və itlər yenidən öz “isti yuvalarına” qayıdıblar”.

Sakinlərin iddiasına görə, həmin cins itlər əslində hansısa iki-üç məmura məxsusdur. Həmin xanım da müəyyən məbləğin ödənilməsi qarşılığında o cins itləri saxlayaraq qulluq edir: “Məgər məmurların villaları azdır ki, aparıb öz geniş həyətlərində itlərini saxlamırlar? Çox maraqlıdır ki, sakinlərin şikayəti ilə bağlı iş məhkəmə baxışında olsa da, həmin məmurların təzyiqi məsələnin həllinə mane olub. Məgər insan həyatı hansısa məmurun itindən dəyərsizdir? Kim təminat verə bilər ki, bu antisanitariyadan övladlarımız xəstəlik tapmayacaq?” Sakinlərin sözlərinə görə, hansısa bir-iki məmur bilərəkdən belə xırda problem yaradır ki, vətəndaşları dövlətdən narazı salsınlar.

Qarşıdan prezident seçkilərinin gəldiyini qeyd edən sakinlər onu da vurğulayırlar ki, müvafiq instansiyalar da bu problemi həll etməyə maraq göstərməməklə seçkiqabağı əhali arasında bilərəkdən narazılıq yaradır və “dövlət bir itin də öhdəsindən gələ bilmir” mənzərəsi yaratmağa çalışırlar: “Bilmək olmur, binalarda heyvanxana yaratmağa icazə verilib, yoxsa bu məsələ bilərəkdən qanunsuz olaraq uzadılır. Eyvanda xırda bir iş görəndə Mənzil İstismar Sahəsindən tutmuş sahə müvəkkilinə qədər hamısı yığılıb gəlir ki, bu mövcud normalara uyğun deyil, icazə yoxdur. Ancaq binada heyvanxana yaradılmasına göz yumulur. Mənzil İstismar Sahəsindən açıqca bildiriblər ki, biz bu işdə acızık və həmin mənzilin sakini ilə bacara bilmirlər. Çünki it baxıcısının arxasında hansısa gözəgörünməz qüvvə dayanıb”.

Süleyman İsmayılbəyli