Müxalifətin köhnə oyunu
Müxalifətin köhnə oyunu

Bu dəfə parçalanma daha sürətlə gedir

Müxalifətin prezident seçkilərinə hazırlığı kifayət qədər maraqlı və xaotik şəkildə davam etməkdədir. Bir müddət öncə Ziyalılar Forumunu mədəni şəkildə dəfn etdirən Rüstəm İbrahimbəyovla, Eldar Namazov daha sonra “El” hərəkatını təsis etdilər və bildirdilər ki, bundan sonra da Milli Şura yaradıb, vahid namizəd məsələsini həll edəcəklər.

Amma buda aydınlaşır ki, vahid namizəd iddiası ilə çıxış edən bu şəxslər həm də siyasi iddialarını ortaya qoyublar və əslində bu addımlar aydınlaşmadan çox mürəkkəbliyi artıran səbəblərdir. Bu haqda sonra. İndi isə keçək ənənəvi müxalifət partiyalarına. Bu gündə Müsavat İsa Qəmbərin prezidentliyə namizədliyi üçün əlindən gələni edir, AXCP isə səhnəarxası Müsavata qarşı cəbhəni böyüdərək meydana daha böyük güclə çıxmaq istəyir. Bütün bunlar isə hələ ki, taktiki gediş həddindədir və güman etmək olar ki, müxalifət prezident seçkilərinə heç də strateji məqsədlərlə yanaşa bilmir. Elə bu günlərdə fəaliyyət proqramlarını elan etmələri də sübutladı ki, yenilik yoxdur və yenə özünü doğrultmayan metodun tətbiqinə başlanılır. Söhbət sosial bazasız halda aksiyalara start verməkdir. “İctimai Palata aprel ayından etibarən silsilə kütləvi etiraz aksiyalarına start verəcək”. Bu barədə İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı məlumat verib.Müsavat rəsmisi hazırda aksiyalara hazırlıq işlərinin aparıldığını bildirib.
“Seçkiöncəsi etiraz aksiyalarının keçirilməsi İctimai Palatanın əsas prioritetlərindəndir. Hazırda aksiyalara hazırlıq işləri aparılır. Bayramdan öncə biz qərara gəldik ki, seçkiöncəsi aksiyaları daha da aktivləşdirək. Kütləvi etiraz aksiyalarının aprel ayından etibarən başlayacağına qərar vermişik. Etirazlar may ayında daha da geniş vüsət alacaq. Əlimizdən gəldiyi qədər etiraz səsimizi ucaldacağıq”-deyə Müsavat başqanının müavini açıqlama verib.
Amma İctimai Palata ilə yanaşı İbrahimbəyov- Namazov cütlüyüdə bu taktikaya üstünlük verməyə hazırlaşır. “Kütləvi aksiyalar, əhali ilə görüşlər keçirmək, təbliğat üçün bütün imkanlardan istifadə etmək niyyətindəyik”. Bu açıqlamanı EL hərəkatı İdarə Heyətinin sədri Eldar Namazov verib.
E.Namazov bildirib ki, EL hərəkatı qanunda nəzərdə tutulmuş bütün imkanlardan istifadə etməyi qərara alıb. Lakin hələlik təşkilatlanma işlərinə üstünlük verdiklərini deyən E.Namazovun sözlərinə görə, hərəkatın iş planı təsdiqləndikdən sonra bu istiqamətdə konkret addımlar atılacaq: “Təbii ki, hər bir siyasi hərəkat cəmiyyətdə təbliğat və təşviqat aparmaq üçün qanunda nəzərdə tutulmuş bütün imkanlardan istifadə etməlidir. EL hərəkatının da planlarında bu işlər var. Lakin ilkin mərhələdə biz təşkilatlanma işlərinə üstünlük veririk. Hazırda regionlarda da təşkilatlanma işi uğurla davam edir. Aprelin sonlarında hərəkatın respublika müşavirəsi keçiriləcək və bu müşavirədə təşkilatlanma mərhələsinə qiymət verəcəyik. Eyni zamanda müşavirədə EL hərəkatının iş planını təsdiq edəcəyik. Aprelin sonuna kimi Azərbaycanın bütün region, şəhər və rayonlarında təşkilatlanma işini başa çatdırmağı düşünürük. Təşkilatlanma işləri başa çatdıqdan sonra kütləvi aksiyalar, əhali ilə görüşlər keçirmək, təbliğat üçün bütün imkanlardan istifadə etmək niyyətindəyik”.
Hərəkatın seçkilərə öz namizədi ilə qatılmasına gəlincə isə E.Namazov qeyd edib ki, hərəkat seçkilərə ya öz namizədi ilə qatılacaq, ya da demokratik düşərgənin konsensus yolu ilə müəyyənləşən namizədini dəstəkləyəcək: “Bu məsələ qarşıdan gələn proseslərdən asılıdır. Bütün hallarda EL hərəkatı seçkilərdə çox fəal iştirak edəcək və öz sözünü deyəcək”.
İndi isə gəlin məsələnin başqa tərəflərinə baxaq. İctimai Palata yeni yarananda qarşılarına bir sıra vəzifələr qoysalarda bunun heç birini reallaşdıra bilmədilər və kütləvi aksiyalar keçirtməyi ən doğru addım elan etdilər. Nəticə isə nəticəsizlik oldu. Çünki sosial baza problemi ortaya çıxdı və buda məğlubiyyət demək idi. Bəs indi yenidən bu xətti seçməklə müxalifət nəyə nail olacaq?
Ekspertlər bildirir ki, hazırda müxalifət kifayət qədər parçalanmış durumdadır və ötənlərlə müqayisədə bu dəfə aksiyalar daha da sönük keçəcək. Çünki bu gün yenidən Müsavat üçün hədəf AXCP, AXCP üçün isə Müsavat başda olmaqla digər müxalifət partiyalarıdır. Buna görə də aksiyalarda heç bir partiya hətta əlində olan gücdən belə sona qədər istifadə etməyə çalışmayacaq. Bundan başqa artıq “El” hərəkatı seçkilərə öz namizədləri ilə qatılacaqlarını elan edib və bunu İctimai Palata həzm etməyəcək. Buna görə növbəti gərginlik məhz iki qurum arasında müşahidə olunmağa başlayacaq. Bütün bunları nəzərə alan müşahidəçilər hesab edir ki, qısa müddətdən sonra müxalifət bu taktikadan imtina etməli olacaq. Bunu da qeyd edək ki, bir müddət öncəyə qədər ölkədə ki, gənclər təşkilatları da kifayət qədər aktivləşmişdi. Amma hadisələrin gedişatı, siyasi güclərin onlara dəstək verməməsi bu aktivliyi kifayət qədər azaltdı.Hesab etmək olar ki, buda öz təsirini göstərəcək.
Mehdi Əli