Azərbaycan prezidenti Masazırda  məcburi köçkünlər üçün yeni salınmış məhəllənin açılışında iştirak edib
Azərbaycan prezidenti Masazırda
məcburi köçkünlər üçün yeni salınmış məhəllənin açılışında iştirak edib

Aprelin 1-də Bakının Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib.
Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Prezidentə məlumat verən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bu məhəllə qaçqınlar və məcburi köçkünlər üçün indiyədək salınmış sayca 78-ci yaşayış məntəqəsidir. Yeni salınmış məhəlləyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə və ya 3420 məcburi köçkün köçürüləcək. Məcburi köçkünlərdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır.
12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilib. Məhəllənin inşasına ötən ilin aprelində başlanılıb, tikinti işləri bu ilin martında tam başa çatdırılıb.
Dövlət başçısı əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlanıb.
Sonra prezident Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı məhəllədəki "Şəfəq" uşaq bağçası və 540 şagird yerlik məktəbə baş çəkib.
Prezident İ. Əliyev məktəbin kompyuter otağında, idman zalında yaradılmış şəraitlə tanış olub, Zəngilan rayonunun "Araz" idman klubunun idmançılarının nümunəvi çıxışlarına baxıb.
Məktəbin ikinci mərtəbəsində Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət guşə yaradılıb.
Məktəblə tanışlıqdan sonra dövlət başçısı məcburi köçkünlər və inşaatçılarla görüşüb.